“Real Madrid”in cinah oyunçusu Vinisius Junior klubda çıxış etməyin onun üçün böyük qürur olduğunu və İspaniya paytaxtında həyatından məmnun qaldığını bildirib.
90plus.az xəbər verir ki, braziliyalı futbolçu açıqlamasında xoşbəxtliyini gizlətməyib:
“Çox xoşbəxtəm. Madrid üçün oynamaq, sahib olduğum həyat və ailəm məni xoşbəxt edir. Həm meydanda, həm də meydandan kənarda xoşbəxt olmaq ən gözəl şeydir.”
25 yaşlı vinger son turda “Real Sosyedad”a qarşı oyunda dubla imza ataraq komandasının qələbəsində əsas pay sahiblərindən biri olub. Bununla da o, son vaxtlar tənqidlərə səbəb olan məhsuldarlıq azalmasından sonra yenidən optimal formasına qayıtdığını nümayiş etdirib.
Klub rəhbərliyi də futbolçu ilə yeni müqavilə üzərində işləyir. Hazırkı sözləşməsi 2027-ci ilin iyununda başa çatacaq Vinisius gələcəyini “Kral klubu” ilə bağlamaqda maraqlıdır. Lakin maaş tələbləri danışıqlarda müəyyən çətinlik yaradır.
Bütün hallarda tərəflər arasında dialoq davam edir və yaxın aylarda rəsmi qərarın açıqlanacağı gözlənilir.
© Copyright 2026, All Rights Reserved