Xames Rodriqesin yeni adresi bəlli oldu
Kolumbiyalı ulduz futbolçu Xames Rodriqes yeni klubuna imza atmağa hazırlaşır. Son olaraq Meksikada “Klub Leon” formasını geyinən təcrübəli yarımmüdafiəçi karyerasını ABŞ-ın MLS liqasında davam etdirməyə yaxındır.
90plus.az xəbər verir ki, Meksika Liqası təmsilçisi “Klub Leon” ilə müqaviləsi başa çatan 34 yaşlı futbolçu komandadan ayrılıb. ESPN-in yaydığı məlumata görə, MLS təmsilçisi “Minnesota Yunayted” Xames Rodriqesi heyətinə qatmağa çox yaxındır. Bildirilir ki, tərəflər arasında imzalanacaq müqavilə 2026-cı il Dünya Çempionatına qədər qüvvədə olacaq.
Dünya Kuboku hədəfi
Xames Rodriqesin Kolumbiya millisinin heyətində 2026 Dünya Çempionatında iştirak etmək istədiyi və oyun formasını qorumaq üçün müntəzəm çıxış edəcəyi klub axtarışında olduğu qeyd olunur.
Peşəkar futbol karyerasına ölkəsində “Envigado” klubunun akademiyasında başlayan Rodriqes daha sonra ardıcıl olaraq “Banfield”, “Portu”, “Monako”, “Real Madrid”, “Bayern Münhen”, “Everton”, “Əl-Rayyan”, “Olimpiakos”, “San-Paulu”, “Rayo Valyekano” və “Klub Leon” komandalarının formasını geyinib.
Xames Rodriqes karyerası ərzində çıxış etdiyi klublarda ümumilikdə 516 oyunda meydana çıxıb, 127 qol və 161 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved