Gyökeres "Sportinq"ə bir daha oynamayacağını bildirib
Viktor Gyökeres ilə "Sportinq" arasında gərginlik: Transfer böhranı...
90plus.az xəbər verir ki, 27 yaşlı isveçli hücumçu Viktor Gyökeres "Sportinq" rəhbərliyi ilə yaşadığı narazılıq səbəbindən klubdan ayrılmaq istəyini bildirib. O, 2023-cü ilin yayında klub prezidenti Frederiko Varandasın ona verdiyi vədin yerinə yetirilmədiyini iddia edir. Gyökeresin sözlərinə görə, əgər mövsüm ərzində 20 qol vursa, 70 milyon avroya onun transferinə icazə veriləcəyi vəd edilmişdi. Lakin bu vəd yerinə yetirilməyib və Viktor Gyökeres "Sportinq"in prezidentinə bir daha bu komandada oyuna çıxmayacağını bildirib.
Klub onun transferindən daha yüksək məbləğ qazanmaq istəyir.
"Sportinq" prezidenti Varandas belə bir razılaşmanın olmadığını və oyunçunun 100 milyon avroluq sərbəst qalma maddəsinin qüvvədə olduğunu bildirib. O, həmçinin, Gyökeresin agentinin təzyiqlərini qəbul etməyəcəklərini vurğulayıb.
Gyökeres "Sportinq" forması ilə keçirdiyi 102 oyunda 97 qol vuraraq klubun əsas qol silahına çevrilib. Onun bu performansı "Mançester Yunayted" , "Arsenal" və "Çelsi" klublarının diqqətini cəlb edib. Lakin Portuqaliya klubu rəsmi təkliflərin olmadığını və oyunçunun transferi üçün sərbəst qalma maddəsinin ödənilməsini tələb edir.
Qeyd: Gyökeres isə sosial mediada paylaşdığı mesajda yayılan xəbərlərin əksəriyyətinin doğru olmadığını və uyğun zamanda danışacağını bildirib. O, həmçinin, "Sportinq" ilə bağlı bütün paylaşımlarını silərək klubdan ayrılmaq istədiyini göstərib.
© Copyright 2026, All Rights Reserved