Riçard Almeyda: “Qarabağ”la uşaqlıq arzum gerçək oldu”
Almeyda “Qarabağ”dakı illərini xatırladı: “Həmişə baş məşqçinin etimadını hiss edirdim”.
90plus.az xəbər verir ki, “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Riçard Almeyda Ağdam klubunda keçirdiyi uzun karyera barədə danışıb.
Braziliyalı futbolçu “Metropoles” nəşrinə açıqlamasında klubda keçirdiyi illərin onun üçün xüsusi yer tutduğunu bildirib və belə deyib:
“Əməyin dəyərləndirilməsi çox gözəl hissdir. Təxminən 14 ilə yaxın “Qarabağ”ın üzvü olmuşam. Bunun 10 il yarımını əsas heyətin dəyişməz üzvü oldum, digər 2-3 ildə isə əsas və ehtiyat oyunçu kimi çıxış etdim. Həmişə baş məşqçinin etimadını hiss edirdim. Klubda həm meydanda, həm də meydandan kənarda lider olmuşam. Oynamadığım vaxtlarda belə, komandaya başqa cür kömək edirdim, məsələn, paltardəyişmə otağında dəstək verirdim”.
Futbolçu “Qarabağ”dakı uğurlu dövrünün uşaqlıq arzularının gerçəkləşməsi olduğunu da vurğulayıb:
“Futbol belədir. Allaha şükürlər olsun ki, çox çalışdım və hər şey yaxşı alındı. Bu hiss möhtəşəmdir. Uşaq vaxtı Çempionlar Liqasına baxanda atama deyirdim ki, bu turnirdə oynamaq istəyirəm. Şükürlər olsun ki, buna nail oldum. Qrup mərhələsində bir dəfə çıxış etdim. Amma bundan əvvəl dəfələrlə pley-off oynadıq və bir neçə il buna çox yaxın olduq”.
Qeyd: Riçard Almeyda “Qarabağ”da 2012–2018, 2019 və 2021–2025-ci illərdə çıxış edib. O, klubda ümumilikdə 376 oyunda 64 qol vurub.
Futbolçu Azərbaycan millisində də forma geyinib və 31 oyunda 3 qola imza atıb. Hazırda isə karyerasını Braziliyanın D Seriyasında çıxış edən “XV de Piraçiçaba” klubunda davam etdirir.
© Copyright 2026, All Rights Reserved