Millidə Messi yer aldı, Dibala yoxdur
Dibala ilkin heyətdən kənarda qaldı — Messi isə siyahıda yer aldı.
90plus.az xəbər verir ki, Argentina millisinin 2026-cı il Dünya Çempionatı üçün açıqladığı 55 nəfərlik ilkin heyət müəyyən sürprizlərlə yadda qalıb.
“Albiseleste”nin heyətində səkkizqat “Qızıl top” sahibi Lionel Messi də yer alıb. 38 yaşlı ulduzun mundialda iştirak edib-etməyəcəyi hələ rəsmən təsdiqlənməsə də, onun karyerasında altıncı Dünya Çempionatı ola bilər.
Messi seçmə mərhələdə də komandasının əsas fiqurlarından biri olub. O, 18 oyunun 12-də meydana çıxaraq 8 qolla turnirin ən məhsuldar futbolçusu kimi yadda qalıb.
Buna baxmayaraq, 2022-ci ildə dünya çempionu olan Paulo Dibala ilkin siyahıya salınmayıb. “Roma”nın hücumçusu 2024-cü ildən bəri millidə çıxış etmirdi. Halbuki Dibala 2022 Dünya Çempionatının finalında penaltilər seriyasında fərqlənmiş və Argentinanın 1986-cı ildən sonra ilk dünya çempionluğunda pay sahibi olmuşdu.
Heyətdə Xulian Alvares və Lautaro Martines kimi əsas hücumçular da yer alıb.
“Benfika”nın gənc vingeri Canluka Prestianni də siyahıya daxil edilib. Lakin o, yekun 26 nəfərlik heyətə düşəcəyi halda mundialın ilk iki oyununu buraxacaq. Buna səbəb futbolçunun Çempionlar Liqasında Vinisius Juniora qarşı işlətdiyi təhqiramiz ifadələrə görə UEFA tərəfindən cəzalandırılmasıdır. FIFA bu sanksiyanın qlobal qüvvəyə malik olduğunu açıqlayıb.
Bundan başqa, diz zədəsi səbəbindən aprelin 13-dən oynamayan Kristian Romero da heyətə çağırılıb. Siyahıda həmçinin Alexandro Qarnaço, Niko Pas və ilk dəfə milliyə dəvət alan Zaid Romero kimi futbolçular yer alıb.
Lionel Skaloni rəhbərliyindəki Argentina mundialdakı ilk oyununu iyunun 16-da Əlcəzairə qarşı keçirəcək. Komanda daha sonra Avstriya və İordaniya ilə qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved