AS: Mourinyoya “Real” təklif gəlib
Mourinyo “Real Madrid”in yolu üstündədir– Danışıqların irəlilədiyi bildirilir.
90plus.az xəbər verir ki, İspaniya mətbuatının yaydığı məlumata görə, Madrid təmsilçisi klubun sabiq çalışdırıcısı Joze Mourinyoya rəsmi təklif göndərib.
Məlumatı ilk olaraq AS nəşri yayıb. Daha sonra jurnalist Ben Yakobs bildirib ki, Mourinyonun “Real Madrid”ə mümkün qayıdışı artıq irəliləmiş mərhələyə çatıb. Buna baxmayaraq, portuqaliyalı mütəxəssis hələ də Madrid klubu ilə birbaşa təmasları inkar edir.
Xəbərdə qeyd olunur ki, Mourinyonun agenti Jorge Mendes ilə “Real Madrid” prezidenti Florentino Perez arasında keçirilən görüşlər müsbət keçib. Tərəflərin bazar günü baş tutacaq “El-Klasiko”dan sonra yenidən bir araya gəlməsi gözlənilir.
Mourinyo isə açıqlamasında “Real Madrid” və ya klub rəhbərliyində mühüm şəxslərlə danışmadığını bildirib. O, mövsüm başa çatana qədər heç kimlə görüşməyəcəyini vurğulayıb və yayılan xəbərləri “tamamilə spekulyasiya” adlandırıb.
Mənbənin iddiasına görə, Mourinyonun açıq şəkildə danışıqları təkzib etməsinin əsas səbəbi zamanlama ilə bağlıdır. Təcrübəli mütəxəssis hazırkı klubu Benfica ilə münasibətləri korlamadan ayrılmaq istəyir. Arxa planda isə bütün prosesi Jorje Mendeş idarə edir.
“Real Madrid” rəhbərliyi yeni baş məşqçi seçimini klub üçün strateji qərar hesab edir və prosesə şəxsən Florentino Peres rəhbərlik edir. Hazırda əsas namizəd Mourinyo sayılsa da, Mauricio Pochettino, Jurgen Klopp və Massimiliano Allegri də namizədlər siyahısındadır. Lakin onlardan heç biri ilə rəsmi təmas qurulmayıb.
Hazırda məsələ yekun razılaşma mərhələsində deyil, danışıqlar səviyyəsində qiymətləndirilir. Mourinyonun “Benfika” ilə müqaviləsi 2027-ci ilə qədərdir və müqavilədə 3 milyon avroluq sərbəstqalma maddəsi yer alıb. Buna görə də “Real Madrid” həm idman layihəsini, həm də ayrılıq şərtlərini tam razılaşdırmalıdır.
© Copyright 2026, All Rights Reserved