“Sabah”la oyuna görə “Qarabağ”a 70 min manat, Markoya 8 oyun cəza
Azərbaycan Kubokunun yarımfinalında “Sabah”a uduzaraq final şansını itirən “Qarabağ” meydandakı nəticədən daha ağır zərbə ilə üzləşib. AFFA İntizam Komitəsinin qərarından sonra Ağdam təmsilçisi həm əsas oyunçularını itirib, həm də böyük maliyyə cəzası alıb.
90plus.az xəbər verir ki, qarşılaşmadan sonra yaşanan qalmaqalın mərkəzində komandanın aparıcı yarımmüdafiəçisi Marko Yankoviç dayanıb. Monteneqrolu futbolçu final fitindən sonra ikinci sarı vərəqə alıb, lakin əsas problem bunun ardınca baş verib. Hakimlər otağına gedən dəhlizdə referiyə qarşı aqressiv davranış sərgilədiyi, fiziki təzyiq göstərməyə cəhd etdiyi və təhqiramiz ifadələr işlətdiyi iddia olunan Yankoviç 8 oyunluq diskvalifikasiya edilib.
Bu insident “Qarabağ” üçün yalnız idman baxımından deyil, maliyyə baxımından da ciddi itkiyə çevrilib. Klub futbolçusunun davranışına görə 25 500 manat cərimə ödəyəcək.
Hakimlərlə problem yaşayan təkcə Yankoviç olmayıb. Komandanın məşqçilər korpusunda yer alan Hüseyn Seyidov da sərt cəza alıb. O, hakimi təhqir etmək və fiziki təzyiq göstərməyə cəhd etməkdə təqsirli bilinərək 6 oyunluq uzaqlaşdırılıb. Bu qərar “Qarabağ”a əlavə 18 min manat zərər vurub. Klub əməkdaşı İlqar Şamilov isə analoji hərəkətə görə 5 oyunluq cəzalanıb və buna görə daha 8 min manat cərimə tətbiq olunub.
“Köhlən atlar”ın qapıçısı Mateus Koxalski də diqqət mərkəzindən kənarda qalmayıb. Birbaşa qırmızı vərəqə alan qolkiper növbəti matçı buraxacaq. Bu epizod klub üçün əlavə 1000 manatlıq cərimə ilə nəticələnib.
Tribunadakı hadisələr də AFFA-nın hesabatında xüsusi yer alıb. Azarkeşlərin meydana kənar əşyalar atması, pirotexniki vasitələrdən istifadəsi və təhqiramiz şüarlar səsləndirməsi “Qarabağ”a ümumilikdə minlərlə manata başa gəlib. Üstəlik, stadionda baş verən dağıntılara görə klub 5 min manat ödəyəcək və sıradan çıxarılan 70 oturacağın xərcini də qarşılayacaq.
Beləliklə, “Sabah”la gərgin keçən kubok qarşılaşması “Qarabağ” üçün həm meydanda, həm də meydandan kənarda çox ağır nəticələrlə yekunlaşıb. Klub ümumilikdə 70 min manatdan çox maliyyə itkisi ilə üz-üzə qalıb.
Masazır təmsilçisi “Sabah” da cəza alıb. Komanda futbolçularının çoxsaylı sarı vərəqələri, azarkeşlərin meydana kənar əşyalar atması, pirotexniki vasitələrdən istifadəsi və oyuna kənar şəxsin daxil olması səbəbindən müxtəlif məbləğlərdə cərimələnib.