“Finalda dram, çoxlu qol görəcəyik” Dambrauskas
“Finalda dram, çoxlu qol və həyəcan görəcəyik” - "Sabah"ın çalışdırıcısı belə deyir.
90plus.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan kubokunun finalı öncəsi keçirilən mətbuat konfransında iddialı və emosional açıqlamalar verib. Litvalı mütəxəssis “Zirə” ilə oyunun sıradan matç olmadığını xüsusi vurğulayıb:
“Ardıcıl ikinci il kubokun finalında oynayacağıq. Hər ölkədə kubok finalı böyük hadisədir. Ötən mövsüm bu kuboku qazanmışıq və yenidən bunu etmək istəyirik. Çox finallar görmüşəm. Bilirəm ki, belə oyunlar nə qədər çətin keçir. Amma düşünürəm ki, sabah meydanda dram, çoxlu qol və həyəcan olacaq”.
Dambrauskas “Sabah”ın tarix yaza biləcəyini də bildirib:
“Bu, bizim üçün tarixi fürsətdir. Titulu yenidən qazansaq, klubun adını tarixə yazdıracağıq”.
Baş məşqçi penalti seriyasına da hazır olduqlarını gizlətməyib:
“Hər cür ssenari mümkündür. Oyun əlavə vaxta gedə bilər. Penaltiləri məşq etmişik. Futbolçular hər məşqdən sonra bunu yerinə yetirirlər. Lazım olsa, kimə güvənəcəyimizi bilirik”.
Litvalı mütəxəssis “Neftçi”nin avrokubok taleyinin bu finaldan asılı olması barədə suala isə sərt reaksiya verib:
“Bu suallara bir az nifrət edirəm. Başqa komandaların taleyi bizi maraqlandırmır. Özümüz üçün oynayacağıq. Qalib gəlsək, azarkeşlərimizi sevindirəcəyik, uduzsaq məyus edəcəyik”.
O, “Zirə”nin oyun üslubunu yaxşı tanıdıqlarını da vurğulayıb:
“Artıq üç dəfə qarşılaşmışıq. Dəfələrlə onların oyunlarını analiz etmişəm. Böyük sürpriz gözləmirik. Bir-birimizi çox yaxşı tanıyırıq. Finalın taleyini kiçik detallar həll edəcək”.
Dambrauskas final təcrübəsinin həlledici amil olmadığını düşünür:
“Yeddi titul qazanmışam, amma finallar səni yaxşı məşqçi etmir. Təcrübəni hər gün məşqlərdə və yanaşmada qazanırsan”.
“Sabah”ın çalışdırıcısı ötən illərdə “Zirə”yə qarşı böyükhesablı qələbələri xatırlatmağın mənasız olduğunu da deyib:
“Statistikanın finalda heç bir əhəmiyyəti yoxdur. Final elə oyundur ki, hər şey baş verə bilər. Düşünürəm ki, hər iki komanda çox aqressiv olacaq”.