Hidayət Heydərov 2-ci oldu
Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında uğurlu çıxış edib.
90plus.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan son Olimpiya çempionu yarışa 1/16 finaldan start verib. O, bu mərhələdə yunanıstanlı Konstantinos Tsaparası ipponla məğlub edib.
Heydərov 1/8 finalda kosovolu Dardan Çenanı üstələyərək növbəti mərhələyə yüksəlib. 1/4 finalda isə Fransanı təmsil edən Dayyan Boulemtafes üzərində qələbə qazanıb.
Yarımfinalda türkiyəli Bilal Çiloğlu ilə qarşılaşan Azərbaycan təmsilçisi rəqibini məğlub edərək finala vəsiqə qazanıb. Həlledici görüşdə isə o, 2012-ci il Olimpiya çempionu Laşa Şavdatuaşvili ilə üz-üzə gəlib və bu dəfə məğlub olaraq yarışı gümüş medalla başa vurub.
Qeyd: Hidayət Heydərov karyerasında artıq 6-cı dəfə Avropa çempionatının finalına yüksəlib. O, bunların 4-də qızıl, 2-də isə gümüş medal qazanıb. Bundan əlavə, cüdoçumuz dünya çempionu tituluna da sahibdir.
Xatırlatma: Ötən gün mübarizəyə qoşulan Azərbaycan millisinin digər üzvlərindən Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal əldə ediblər.
© Copyright 2026, All Rights Reserved