İtaliya millisi üçün qızğın mübarizə gedir
İtaliya milli komandasının baş məşqçi postu üçün mübarizə qızışıb və Cennaro Qattuzo bu vəzifəyə əsas namizəd kimi önə çıxır.
90plus.az xəbər verir ki, İtaliya Futbol Federasiyası Norveçə qarşı gözlənilməz məğlubiyyətdən sonra istefaya yolladığı Luçano Spallettinin yerinə keçəcək namizədləri dəyərləndirir.
Əvvəlcə Klaudio Ranieri və Stefano Pioli kimi tanınmış adlar bu vəzifəyə namizəd göstərilsə də, hər iki mütəxəssis bu təklifi rədd edib. Ranieri "Roma" klubunda qalmağa üstünlük verib, Piolinin isə "Fiorentina"ya keçəcəyi bildirilir.
Bundan sonra Cennaro Qattuzo federasiyanın əsas namizədi kimi ön plana çıxıb. Qurum onun təyinatını ciddi şəkildə nəzərdən keçirir. Bununla belə, digər dünya çempionları, məsələn, Daniele De Rossi və Fabio Kannavaro da potensial alternativlər kimi gündəmdə qalır.
Qeyd: Qattuzo 2006-cı ildə İtaliya ilə dünya çempionu olmuş və "Milan"da uzun illər uğurla çıxış etmişdir. O, daha əvvəl "Napoli", "Valensiya" və "Marsel" kimi klublarda baş məşqçi kimi fəaliyyət göstərib. Hazırda isə Xorvatiyanın "Hayduk Split" klubunda çalışır.
İtaliya Futbol Federasiyasının yaxın günlərdə rəsmi qərarını açıqlaması gözlənilir.
📰: Canluka Di Marzio
© Copyright 2026, All Rights Reserved