Meksika Türkiyəni uddu!
Meksika milli komandası 2025 CONCACAF Qızıl Kuboku öncəsi son yoxlama oyununda Türkiyə üzərində 1:0 hesablı qələbə qazanıb.
90plus.az xəbər verir ki, matçın yeganə qolunu Orbelin Pineda ilk hissənin son dəqiqəsində vurub.
Qarşılaşmanın ilk hissəsində Türkiyə komandası üstünlük təşkil edib və 45 dəqiqə ərzində 12 zərbə endirib. Lakin Meksika tədricən oyuna nəzarəti ələ alaraq, fasiləyə qədər bir neçə təhlükəli vəziyyət yaradıb. 45-ci dəqiqədə "AEK Afina" klubunun yarımmüdafiəçisi Pineda sol ayağı ilə dəqiq zərbə endirərək hesabı açıb.
İkinci hissədə Meksika komandası daha inamlı çıxış edib. Əvəzetmədən oyuna daxil olan futbolçulardan biri olan Sesar Uerta 65-ci dəqiqədə fərqlənməyə yaxın olub, lakin onun zərbəsi dirəyə dəyib. Türkiyə son dəqiqələrdə bərabərlik qolunu vurmağa çalışsa da, Meksikanın qapıçısı Luis Anxel Malagonun inamlı oyunu sayəsində hesab dəyişməyib.
Qol: https://t.me/doxsanplus/103958
Bu qələbə ilə Meksika komandası 14 iyunda Dominikan Respublikası ilə keçirəcəyi Qızıl Kubokun açılış oyununa yüksək əhval-ruhiyyə ilə yollanır. Komanda baş məşqçi Xavyer Aquirrenin rəhbərliyi altında ardıcıl ikinci dəfə turnirin qalibi olmağa çalışacaq.
Türkiyə isə Avropa qitəsinə qayıdaraq, 4 sentyabrda Gürcüstana qarşı keçirəcəyi DÇ-2026-nın seçmə mərhələsi oyununa hazırlaşacaq.
© Copyright 2026, All Rights Reserved