“Bizim təcrübəmiz də az deyil” Qurban Qurbanov
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə bugün keçiriləcək ilk oyun öncəsi mətbuat konfransında fikir bildirib. 90plus.az xəbər verir ki, Qurbanov oyunun çətinliyini vurğulayıb: " Bizi çətin oyun gözləyir. Son illərin ən sürətli, dinamik futbol oynayan komandası ilə qarşılaşacağıq. Futbolçularımın hazırlığı yaxşı səviyyədədir. İnanıram ki, sabah yaxşı mübarizə apara biləcəyik. İstəkliyik. Rəqibə böyük dəyər veririk. İnanırıq ki, bu komandaya qarşı yaxşı, maraqlı futbol oynamağı bacararıq". O, "Braqa"nın heyətinin dəyərinin yüksək olmasının futbolçularına hansısa mənfi təsir edib-etməməsi ilə bağlı bildirib: " Müqayisələrdən keçib. Ümumiyyətlə, biz illər boyu belə hallarla rastlaşmışıq. Avropada futbol sürətlə inkişaf edir, böyük sərmayələr qoyulur, işlər gedir. Düzdür, bizə təsiri olacaq. Çünki bu futbolçular illərlə eyni sürətdə oynayırlar. Bu cür komandalar üçün belə turnirlərdə oynamaq daha asandır. Amma bizim də təcrübəmiz az deyil. Belə müqayisələri futbolçuların beyninə salmaq istəmirik. Əlimizə düşən şanslardan yararlanmağa çalışacağıq. Bəzən təcrübə alınır, düşündüklərin yox. Klub, ölkə futbolu olaraq səviyyə fərqi çoxdur. Bunları düşünməyərək, oyuna yaxşı fonda hazırlaşmağa çalışırıq". Mütəxəssis futbolçulara əsl "Braqa"nı düşünüb oynamağı tövsiyə edib: " Bir komanda il boyu eyni səviyyədə ola bilməz. Çünki qarşısında daima onları təhlil edən komanda olur. Son oyunlarda bizim də problemlərimiz olub. Lakin o demək deyil ki, sabah bunlar təkrarlanacaq. Və ya "Braqa" tərəfdən. Heç nəyə aldanmalı deyilik, real olmalıyıq. "Braqa"nı necə tanıyırıq, onların hansı keyfiyyətləri varsa, düzgün yanaşmalıyıq. Arxayınlıq olsa, bizim üçün böyük problem ola bilər. Rəqibimiz istəklidir. Baş məşqçilərinin də açıqlamalarına baxdım, oyuna ciddi yanaşır, bizə dəyər verirlər. Bunlar qarşılıqlıdır. Onlar "Sportinq"ə böyük hesablı məğlubiyyəti unutdurmağa şansları var. Bundan istifadə etməyə çalışacaqlar. Statistikanı düşünmürük. Əsl "Braqa"nı fikirləşərək, meydana çıxmalıyıq". Q.Qurbanov mərhələ adlamaq şanslarını belə qiymətləndirib: " Faiz olaraq deməzdim. Real baxsaq, üstünlük "Braqa" tərəfdədir. Amma biz də bu gün bununla razılaşmırıq. Çalışacağıq ki, meydanda öz işimizi görək". Qeyd: "Köhlən Atlar"ın "Braqa" ilə səfər oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı isə fevralın 22-də Bakıda olacaq.