Dioqo Jota və Andre Silva sükut və hüznlü sözlərdə yad olunur
Avropanın bir neçə klubu cümə axşamı səhər İspaniyada avtomobil qəzasında həyatını itirən “Liverpul” futbolçusu Diogo Jota və onun qardaşı Andre Silvanın xatirəsinə məşqə başlamazdan əvvəl bir dəqiqəlik sükut elan edib.
90plus.az xəbər verir ki, “Çelsi” rəsmi sosial media hesabında məşqdən əvvəl mərhum Portuqaliya ulduzunun şərəfinə bir dəqiqəlik sükut saxladıqlarını təsdiqləyən foto paylaşıb:
“Bu günkü məşq sessiyasından əvvəl ‘Çelsi’ Futbol Klubu Diogo Jota və Andre Silvanın xatirəsinə bir dəqiqəlik sükut elan etdi. Fikirlərimiz dostları və ailəsi ilədir,” — deyə “Çelsi” bildirib.
“Real Madrid” də Klubların Dünya Çempionatında Dortmundla 1/4 final oyunu öncəsi məşq zamanı Jotanın xatirəsinə bir dəqiqəlik sükut elan edib.
Məlumata görə, Jota və qardaşı Andre Silvanın mindiyi Lamborcini markalı avtomobilin təkəri partlayıb, maşın idarəetmədən çıxaraq yoldan çıxıb və alışaraq yanıb.
“Arsenal” klubu da faciəli hadisədən sonra ürəkdağlayan bəyanat yayıb:
“Biz hamımız futbol ailəsinin üzvüyük və bu cür günlərdə bir-birimizi dəstəkləyirik. Diogo və Andre, rahat yatın. Düşüncələrimiz ailəniz, sevdikləriniz və ‘Liverpul’ Futbol Klubu ilədir.”
“Liverpul” klubu isə hücumçu Diogo Jota və qardaşı Andre Silvanın faciəli itkisi ilə bağlı həm fiziki, həm də onlayn başsağlığı kitabı açıb. Azarkeşlər və ictimaiyyət üzvləri Enfild Roud tribunasının qəbul hissəsində aşağıdakı vaxtlarda fiziki başsağlığı kitabını imzalaya bilərlər:
Onlayn başsağlığı kitabı da açıqdır və dünyanın hər yerindən azarkeşlər öz hörmətlərini bildirə bilərlər. Bununla yanaşı, Enfild stadionunda bayraqlar yarıya endirilib. Bütün klub mağazaları, muzeylər və turlar 7 iyula qədər bağlı qalacaq. Klub əməkdaşlarına bu çətin zamanda psixoloji dəstək təklif olunub. Klub və qlobal azarkeş kütləsi istedadlı qardaşların itkisini dərin kədər hissi ilə qarşılayır.
“Liverpul”un baş məşqçisi Arne Slot isə Jota və qardaşı Andre Silvanın itkisi ilə bağlı duyğulu sözlər deyib:
“Nə demək olar? Belə bir anda, bu qədər ağır itki qarşısında kimin söz tapmağa gücü çatar? Kaş ki, uyğun sözlərim olaydı, amma bilirəm ki, yoxdur.
Təkcə öz hisslərim var, inanıram ki, bunu çoxları bölüşür. Bizim üçün Diogo sadəcə bir oyunçu deyildi — o, sevdiyimiz bir insan idi, dəyər verdiyimiz bir ailə üzvü idi. İlk düşüncələrim məşqçi kimi yox, ata, oğul, qardaş və əmi kimi Diogo və Andre Silvanın ailəsinə aiddir.
Onlara mesajım çox sadədir — siz heç vaxt tək olmayacaqsınız. ‘Liverpul’un futbolçuları, işçiləri, azarkeşləri hamımız sizinləyik və bu gün gördüklərimə əsasən deyə bilərəm ki, futbol ailəsi də sizinləyidir.
Bu yalnız faciəyə cavab deyil, həm də bu insanların nə qədər dəyərli olduqlarına və hamının onlar haqqında nə qədər hörmətlə danışdığına bir reaksiyadır.
Klub olaraq şokdayıq. Diogo təkcə oyunçumuz deyildi. O, komanda yoldaşımız, həmkarımız, dostumuz idi və bu rolların hamısında çox xüsusi idi.”
“Liverpul” Futbol Klubu və Fenway Sports Group rəhbərliyi də hüznlü açıqlama yayaraq Diogo Jota və Andre Silvanın faciəli itkisinə görə dərin kədərlərini bildiriblər. Klub təmsilçiləri Billi Hoqan, Con Henri, Tom Verner və Mayk Qordon ailələrə və yaxınlara başsağlığı veriblər:
"Bu faciəvi vəziyyət və onun gerçəkliyi bizi şok vəziyyətinə salıb, kədərlə donub qalmışıq. Bu möhtəşəm qardaşların yaxınlarının və geniş ailələrinin necə hiss etdiyini təsəvvür belə edə bilmirik. Bütün dualarımız və dəstəyimiz onlarla birlikdədir.
Hər kəs bilir ki, Diogo meydanda nələr edə bilirdi və 2020-ci ildən klubumuza qoşulandan bəri uğurlarımızda necə mühüm rol oynamışdı. O, qısa müddətdə azarkeşlərin sevimlisinə çevrildi, onun mahnısı Anfilddə və dünyanın hər yerində stadionlarda səslənirdi.
Çoxlu xüsusi anlar, çoxlu xüsusi xatirələr var. Amma meydanda gördüyümüz oyunçudan kənarda o, son dərəcə təvazökar, səmimi, ağıllı, zarafatcıl və həyat eşqi ilə dolu bir insan idi. Diogo sevimli ata, oğul, ər və qardaş idi və onu tanıyan hər kəs bu gün yaşadığımız böyük itkini dərindən hiss edəcək".
Rahat uyu, Dioqo və Andre. ‘You Will Never Walk Alone’.” ( "Liverpul"un rəmzi cümləsidir - mənası, "Heç vaxt yalnız yürüməyəcəksən").