Dünya Kuboku: Argentina və Meksika klubları başabaş döyüşdülər
“River Pleyt” və “Monterrey” Klubların Dünya Çempionatının qrup mərhələsinin ikinci turunda baş tutan oyunda canlı və gərgin mübarizədən sonra 0:0 hesablı heç-heçə etdilər.
90plus.az xəbər verir ki, Argentina klubu “River Pleyt” 18 dəfə qapıya zərbə endirsə də, altı çərçivədaxili zərbənin heç birini argentinalı qapıçı, “Monterrey”in şərəfini qoruyan Esteban Andradadan keçirə bilmədi.
Meksika klubu isə cəmi üç dəfə qapıya zərbə vurdu, onlardan ikisi çərçivəyə gedirdi, lakin “River Pleyt”in təcrübəli qapıçısı Franko Armani də qapısını toxunulmaz saxladı.
Gərgin və çoxsaylı qayda pozuntuları ilə yadda qalan qarşılaşma boyunca komandalar ümumilikdə 40 dəfə kobud oynadı və 8 sarı vərəqə qeydə alındı. Oyunun keçirildiyi məşhur Rose Bowl stadionunda hər iki tərəfin azarkeşləri öz komandalarını güclü şəkildə dəstəkləyirdi. Tribunada ümumilikdə 57.393 tamaşaçı vardı.
“River Pleyt”in futbolçusu Kevin Kastano ikinci hissənin əlavə olunmuş dəqiqələrində ikinci sarı vərəqə ilə meydandan qovuldu, lakin “Monterrey” say üstünlüyündən yararlana bilmədi.
Qeyd: “Monterrey” bu qarşılaşmadan 4 gün əvvəl Çempionlar Liqasının finalçısı “İnter”lə də heç-heçə etmişdi.
“River Pleyt” isə ilk turda Sietldə “Urava Red Daymonds” üzərində 3:1 hesablı qələbə qazanaraq turnirə inamlı start vermişdi.
Nəticə
E qrupunda hələ heç nə həll olunmayıb. “İnter” və “River Pleyt” 4 xalla qrupun zirvəsindədir və onlar çərşənbə günü Sietldə üz-üzə gələcəklər. “Monterrey” isə iki xalla üçüncü yerdədir və həmin gün Pasadenada hələ xal qazanmayan “Urava” ilə qarşılaşacaq.
Domenek Torrent, “Monterrey”in baş məşqçisi:
“Düşünürəm ki, topu oyuna çıxaranda ardıcıl qayda pozuntuları bizi çox əngəllədi. Biz bu barədə danışmışdıq. “River”in çoxlu keyfiyyətli cəhətləri var – biri oyunları qazanmaq, digəri isə çoxlu sayda kobudluq etməkdir. Bu da oyunun xarakterini tamamilə dəyişir.”
Marselo Qalyardo, “River Pleyt”in baş məşqçisi:
“Oyunun bir çox hissəsində açıq şəkildə üstün idik. Sadəcə, qol çatmadı. “Monterrey” ikinci hissədə bizə demək olar ki, qol imkanı vermədi. Amma düşünürəm ki, çox yaxşı təsir bağışladıq.”