Dünya Kuboku: “Botafoqo”dan vacib qələbə
Braziliyalı İqor Xesusun qələbə qolu "Botafoqo"nu Klublararası Dünya Çempionatında ABŞ-nin "Sietl Saunders" klubu üzərində qələbəyə apardı.
90plus.az xəbər verir ki, Braziliya "Botafoqo"su Klublararası Dünya Çempionatında ilk oyununda ABŞ-nin “Sietl Saunders” komandasına 2:1 hesabı ilə qalib gəlib. Görüş “Lumen Field” stadionunda baş tutub.
Qalib komandanın baş məşqçisi Renatu Paiva matçdan sonra DAZN-a danışıb:
“Birinci hissə pis keçmədi, amma ikinci hissədə rəqibin intensivliyinə tab gətirə bilmədik. Ümumilikdə bizim üçün yaxşı oyun olmadı. Belə turnirlərdə ilk oyunlar həmişə çətin keçir, emosiyalar çox olur. Amma əsas odur ki, 3 xal qazandıq.”
İkinci hissədə “Sietl” daha yaxşı oynasa da, buraxdığı erkən qolların acısını çəkdi. ABŞ millisinin sabiq üzvü Kristian Roldan 76-cı dəqiqədə fərqlənsə də, bu qol nəticəyə təsir etmədi.
Roldan oyundan sonra belə deyib:
“Klublararası Dünya Çempionatında ev stadionumuzda qol vuran ilk oyunçu olmaq böyük hissdir. Amma bu gün daha artığını haqq etdiyimizi düşünürəm. İlk hissədə buraxdığımız qollar özümüzü çətin vəziyyətə saldı. Komandamız yenə də gücünü və dözümlülüyünü göstərdi.”
Hazırda PSJ qrupun lideridir, Botafoqo ikinci, xal toplamayan “Sietl” isə top fərqinə görə “Atletiko Madrid”dən üstündür. Roldan komandalarının növbəti oyunda daha yaxşı nəticə göstərəcəyinə ümid edir:
“Botafoqo"ya qarşı matçda intensivlik və mentalitet yüksək idi. 2:0 geri düşəndə artıq itiriləcək bir şeyimiz qalmamışdı. Ümid edirəm, bu mübarizəni növbəti oyunda da görəcəyik.”
Qeyd: "Sietl Saunders” 2022-ci ildə KONKAKAF Çempionlar Liqasının qalibi olaraq turnirə vəsiqə qazanmışdı. "Botafoqo" isə 2024-cü ildə “Atletiko Mineyro” üzərində qələbə ilə “Kopa Libertadores”i qazanaraq turnirə gəlib.
Növbəti oyunlar:
“Sietl Saunders” növbəti oyununu cümə axşamı “Atletiko Madrid”ə qarşı keçirəcək. "Botafoqo" isə ÇL çempionu PSJ ilə qarşılaşacaq.