Enrike iddialı və nikbindir: “Xoşbəxtik, 4 kubok aldıq”
PSJ-nin FİFA Klublararası Dünya Çempionatında “Atletiko Madrid”ə qarşı keçirəcəyi bugünkü oyundan öncə (saat 23:00) komandanın baş məşqçisi Luis Enrike ABŞ-dakı ab-hava barədə fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, Enrike kifayət qədər iddialı və nikbin danışıb:
“Bu, çox müsbət hissdir; tarix yazdıq,” – deyə o, PSJ TV-yə açıqlamasında Çempionlar Liqasındakı qələbəni xatırladaraq bildirib. “Xoşbəxtik. Bu turnirə mümkün olan ən yaxşı şəkildə hazırlaşmışıq.”
Cari mövsümdə dörd kubok qazanan PSJ-nin baş məşqçisi bunun təkrarlanmasının çətin olduğunu da etiraf edib: “Növbəti mövsüm daha yaxşı ola bilərmi? Əgər kuboklar baxımından soruşursunuzsa – bu, mümkünsüzdür. Oynadığımız dörd turnirin hamısında qalib gəldik.”
Buna baxmayaraq, Enrike 32 komandanın iştirak etdiyi Klublararası Dünya Çempionatında da iddialı olduqlarını vurğulayıb: “Bir dünya çempionatı qalıb. Çox gözəl turnirdir. Özümüzə inamımız və bu uğura aparan hədəflərimiz var. Bu turnirə tam hazırıq,” – deyə Luis Enrike sözlərinə yekun vurub.
© Copyright 2026, All Rights Reserved