Enzo Mareska: “Rəqiblərimiz istirahətdə, biz isə burada”
“Çelsi”nin baş məşqçisi Enzo Mareska komandasının "Los-Anceles" ilə Klubların Dünya Çempionatı oyunu barədə fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, Mareska turnirin kluba təsiri barədə danışıb:
“Klubların Dünya Çempionatının təsirini görməliyik. Rəqiblərimiz istirahətdədir, biz isə buradayıq. Bu, yeni turnirdir. Görək, yeni mövsümümüzə necə təsir edəcək".
Turnirin fərqli və yeni bir sınaq olduğunu vurğulayan mütəxəssis komandasının istirahət etmədən bu yarışa qatıldığını və bunun əlavə təzyiq yaratdığını qeyd edib. Avropa Konfrans Liqasının qalibi olan London təmsilçisi D qrupunda mübarizəyə yaxşı başlamağı hədəfləyir. Yeni transferlər, xüsusilə Liam Delap kimi oyunçular heyətin dərinliyini artıraraq ABŞ təmsilçisi ilə qarşılaşmada komandanın əlini gücləndirəcək.
Komandanın müdafiəçisi Malo Qusto isə Klubların Dünya Çempionatını həm komanda birliyini gücləndirmək, həm də yeni bir kubok qazanmaq üçün əla fürsət kimi görür.
“Çelsi” və Fransa yığmasında dolu bir mövsüm keçirən Qusto "LAFC"yə qarşı ilk oyuna kökləndiyini və dünya miqyasında güclü rəqiblərlə qarşılaşmağa hazır olduğunu bildirib:
“Bu turnirdə uzağa getmək istəyirik,” – deyə o bildirib. “Yeni oyunçularla yeni mövsüm kimidir, amma heyət eynidir. Komanda olaraq aramızda bağ qurmağa və birgə ritm tutmağa çalışacağıq. Məqsədimiz həm komandamızı gücləndirmək, həm də bu kuboku qazanmaqdır.”
Qusto həmçinin bu turniri yeni mövsümə yaxşı temp və motivasiya ilə başlamaq üçün əla imkan kimi dəyərləndirib:
“Bu oyunlar çətin olacaq, amma bu, kubok qazanmaq üçün yaxşı fürsətdir. Daha çox kubok qazanmaq istəyirik, çünki hamımız rəqabətçiyik.”
Qeyd: "Çelsi - Los Anceles" matçı bu gecə saat 23:00-da başlayacaq:
Yayım: TRT 1; DAZN; Okko Sport; Digiturk Play Turkey; tabii Turkey.
© Copyright 2026, All Rights Reserved