FİFA: “Futbolçular ən azı 3 həftə məcburi istirahət edəcəklər”
FIFA futbolçuların qlobal həmkarlar ittifaqları ilə keçirdiyi görüşlərdən sonra yeni məcburi istirahət dövrü barədə razılığa gəldiyini təsdiqləyib.
90plus.az xəbər verir ki, yeni razılaşmaya əsasən, oyunlar arasında minimum 72 saatlıq fasilə və mövsüm başa çatdıqdan sonra futbolçular üçün ən azı üç həftəlik məcburi istirahət müddəti nəzərdə tutulur.
FIFA-nın rəsmi açıqlamasında deyilir:
“Görüş zamanı futbolçuların sağlamlığı ilə bağlı əsas məsələlər müzakirə olundu (həm kişi, həm də qadın futbolçular üçün). Bu, Beynəlxalq Əmək Təşkilatının (ILO) müəyyən etdiyi peşə risklərinin qarşısının alınması çərçivəsində prioritet məsələ sayılır.
FIFA və futbolçu ittifaqları futbolun ali idarəedici orqanı ilə oyunçuların nümayəndə təşkilatları arasında birgə həyata keçiriləcək layihələri nəzərdən keçirdilər. Xüsusilə oyunçuların istirahəti, bərpası və Beynəlxalq Oyun Təqvimi (IMC) çərçivəsindəki turnirlər əsas diqqət mərkəzində idi.
Ümumi razılıq ondan ibarətdir ki, oyunlar arasında ən azı 72 saatlıq fasilə olmalıdır və futbolçular hər mövsümün sonunda minimum 21 günlük istirahət / məzuniyyət hüququna malik olmalıdırlar. Bu istirahət müddəti hər bir klub və futbolçunun oyun təqviminə uyğun olaraq, həmçinin qüvvədə olan kollektiv müqavilələr nəzərə alınmaqla fərdi qaydada tənzimlənməlidir”.
Açıqlamada həmçinin əlavə olunur:
“Həftədə ən azı bir istirahət günü də planlaşdırılmalıdır, lakin bu, praktik yanaşma ilə idarə olunmalıdır. Bundan əlavə, oyunçuların səyahəti – xüsusən də uzun məsafəli qitələrarası uçuşlar – və matçların keçirildiyi iqlim şəraiti gələcək Beynəlxalq Oyun Təqvimi üçün siyasət müəyyənləşdirilərkən nəzərə alınmalıdır”.
© Copyright 2026, All Rights Reserved