Gyökereş Amorim haqda: “Getməsi şok idi”
“Sportinq”in hücumçusu Viktor Gyökereş sabiq baş məşqçisi Ruben Amorimin oyun üslubunun ona tam uyğun gəldiyini bildirib.
90plus.az xəbər verir ki, hazırda transfer pəncərəsində “Arsenal”ın əsas hədəflərindən biri olan Gyökereş “Sportinq”də Amorimin sistemi altında parlaq çıxış edib. Portuqaliyalı mütəxəssis ötən ilin noyabrında “Sportinq”dən ayrılaraq “Mançester Yunayted”in baş məşqçisi olub.
Gyökereş France Football nəşrinə danışıb: “Onun rəhbərliyi altında oynadığımız üslub mənə tam uyğun idi.” Amorim 2023/24 mövsümündə “Sportinq”i 19 ildən sonra ilk dəfə çempion edib. Həmin mövsüm Gyökeres Portuqaliya çempionatında debüt mövsümündə 29 qolla bombardir olub.
Keçmiş “Koventri Siti” hücumçusu ötən mövsüm də Liqa Portuqaliya bombardiri olub — 39 qol vuraraq “Sportinq”in titulu qorumasına kömək edib.
“71 ildən sonra ilk dəfə ardıcıl iki çempionluq qazandıq,” — deyə Gyökereş vurğulayıb. “Bu möhtəşəm nəticədir və əlbəttə, Ruben Amorimin bunda rolu çox böyükdür. Ona nə qədər təşəkkür etsəm, azdır.”
Gyökereş etiraf edib ki, Amorimin “Sportinq”dən komanda liqada lider və Çempionlar Liqasında yarışa davam etdiyi halda mövsümün ortasında getməsi onu təəccübləndirib: “Bu, şok idi. Hər şey yaxşı gedərkən mövsüm ortasında baş məşqçinin getməsini indiyə qədər görməmişdim. Amma inciklik yoxdur. Bəli, gözlənilməz idi, amma onun qərarını tam başa düşürəm,” — deyə Gyökereş sözlərini tamamlayıb.
© Copyright 2026, All Rights Reserved