Gyökereş inadla məşqlərə getmədi, cərimə gözləyir…
Viktor Gyökereş “Sportinq”dən icazəsiz uzaqlaşıb – klub cərimə tətbiq edəcək.
90plus.az xəbər verir ki, İngiltərə mediası Viktor Gyökereşin yay təlim-məşq toplanışına qoşulmaq üçün təyin olunmuş vaxtı qaçırdığı üçün “Sportinq” rəhbərliyi tərəfindən intizam tədbirlərinə məruz qala bilər. İsveçli hücumçuya şənbə günü yerli vaxtla saat 17:00-a qədər komandanın düşərgəsinə qatılmaq tapşırılmışdı.
Futbolçunun yoxluğu tamamilə gözlənilməz olmayıb. Gyökereş artıq klub rəhbərliyinə yeni mövsüm üçün komandaya qayıtmaq istəmədiyini bildirmişdi. “Sportinq” rəhbərliyi hələ də “Arsenal”la razılığın bu həftəsonu əldə ediləcəyi ümidi ilə yaşayır.
Lissabon təmsilçisi futbolçunun yoxluğunu əsaslandıra biləcək tibbi arayış, klub rəhbərliyi tərəfindən verilmiş rəsmi icazə və ya təcili ailəvi vəziyyət olmadıqca ona cərimə kəsəcək. Komanda artıq Gyökereşsiz Alqavreda təlim-məşq toplanışındadır.
Ötən mövsüm “Sportinq”də 52 oyuna 54 qol vuran hücumçunu satmaq üçün portuqal çempionlarının təzyiqi yoxdur. Klub prezidenti Federiku Varandaş “Arsenal”la danışıqlarda sərt mövqe tutmasının əsas səbəbi də budur. O, €70 milyon + €10 milyon (avro) bonus tələb edir və artıq “topçular”ın €65 milyon + €15 milyonluq təklifini rədd edib.
Varandaş şənbə axşamı verdiyi açıqlamada deyib:
“Biz sakitik. Transfer pəncərəsinin bağlanması, böyük cərimə və komanda qarşısında üzrxahlıqla hər şey həll oluna bilər.
Əgər ‘Arsenal’ Viktorun real bazar dəyərini ödəmək istəmirsə, biz bu oyunçu ilə növbəti üç il üçün tam rahatıq”.
Klub həm maliyyə sabitliyi, həm də ardıcıl idman uğurları ilə son illərdə əvvəlki çətinliklərini arxada qoyub. Son beş mövsümdə üç dəfə Portuqaliya çempionu olan “Sportinq” Çempionlar Liqası gəlirləri ilə də möhkəmlənib. Büdcə tam təmin edildiyi üçün əsas oyunçuların satışına ehtiyac yoxdur. Gyökereş 102 oyuna 97 qol vuraraq bu yüksəlişin əsas simalarından biri olub və hələ üç il müqaviləsi qalır.
Varandaş bu sözlərlə danışıqların istiqamətini dəqiqləşdirib:
“Bu strategiyanı quran dahilər düşünürlərsə ki, bu mənə təzyiq göstərir və futbolçunun transferini asanlaşdıracaq, yanılırlar. Əksinə, bu yanaşma transferi daha da çətinləşdirir. Heç kim klubun maraqlarından üstün deyil”.