İbrahima Konatenin yolu “Real”dır
İbrahima Konate “Real Madrid” barədə fikirlərini açıq şəkildə bildirib – İspan mediasından “Liverpul”la bağlı transfer şokunu yaydı.
90plus.az xəbər verir ki, “Liverpul”un müdafiəçisi İbrahima Konatenin gələn yay azad agent kimi “Real Madrid”ə keçə biləcəyi xəbərləri yayılıb.
Ulduz futbolçu bu iddialar fonunda Madrid klubu ilə bağlı fikirlərini bölüşüb. Xatırladaq ki, daha öncə Trent Aleksander-Arnold uzun müddət davam edən söz-söhbətlərdən sonra doğma klubu “Liverpul”u tərk edərək “Real Madrid”ə keçmişdi. Bu transfer “Liverpul” azarkeşləri üçün kabus kimi qiymətləndirilirdi. Görünən odur ki, bu, sadəcə başlanğıc imiş – yeni xəbərlərə əsasən, Konate də sabiq komanda yoldaşının yolunu davam etdirə bilər.
Aleksander-Arnoldun müqaviləsinin bitməsinə az qalmış “Liverpul” onu Klubların Dünya Çempionatında oynamaq istəyi fonunda 10 milyon funt sterlinqə satmağa nail olmuşdu. Lakin Konate məsələsində klubun eyni manevri edə bilməyəcəyi ehtimal olunur.
Fransalı müdafiəçi ilə bağlı bir neçə ay əvvəl verdiyi açıqlamalar da yenidən gündəmə gəlib. Bu ilin fevralında yayılan xəbərlərdə həm “Real Madrid”, həm də PSJ-nin onunla maraqlandığı qeyd olunurdu. Həmin vaxt Konate Fransanın “Telefoot” nəşrinə açıqlamasında bu cür nəhəng klubların diqqətində olmağın qürurverici olduğunu demişdi:
“Belə böyük klubların mənimlə maraqlandığını eşitmək qürurvericidir.
Hazırda diqqətimi bu mövsümə yönəltmişəm, əlimdən gələni edirəm. Qalanını agentlərim həll edəcək.”
İbrahima Konate 2021-ci ilin iyul ayında “Leypsiq”dən “Liverpul”a 36 milyon funt sterlinq qarşılığında transfer olunmuşdu. O vaxtdan bu günə qədər komanda ilə bütün turnirlər daxil olmaqla 132 oyuna çıxıb və əsas heyətin vacib üzvlərindən birinə çevrilib.
Əgər Konate klubdan azad agent kimi ayrılarsa, bu, baş məşqçi Arne Slotun komandası üçün ciddi itki olacaq. Mümkün itkini kompensasiya etmək üçün “Liverpul”un “Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Qeyi ilə maraqlandığı bildirilir. Maraqlıdır ki, Qeyinin də müqaviləsi gələn yay başa çatır.