"İnter" iranlı futbolçusu üçün narahatdır - ABŞ-a gedə bilməyib
“İnter” klubu iranlı hücumçu Mehdi Tareminin Klublararası Dünya Çempionatında iştirak etmək üçün ABŞ-a səfər edə bilməməsi ilə bağlı ciddi narahatlıq keçirir.
90plus.az xəbər verir ki, 32 yaşlı futbolçu hazırda Tehranda qalır və ölkədən çıxışı mümkün deyil. Taremi İranda “İlin futbolçusu” mükafatını almaq üçün vətəninə səfər etmişdi.
Əvvəlcədən planlaşdırıldığına görə, hücumçu Tehrandan birbaşa Los-Ancelesə uçaraq “İnter”in Klublararası Dünya Çempionatı üçün ABŞ-da toplanan heyətinə qoşulmalı idi. “İnter” turnirdəki ilk oyununu gələn həftə Meksika təmsilçisi “Monterrey”ə qarşı keçirəcək.
Lakin bölgədə baş verən son hadisələr planları pozub. İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarının ardından İran da cavab zərbələri endirib. Nəticədə bölgədə mülki hava məkanları bağlanıb və Tareminin planlaşdırılan uçuşu ləğv olunub.
“İnter” rəhbərliyi hazırkı vəziyyətdən narahatdır və Tareminin nə zaman komandaya qoşulacağı hələlik məlum deyil.
© Copyright 2026, All Rights Reserved