Mo Salah dostunun ölümünə görə istirahətini yarıda qoydu
“Liverpul”un ulduzu Mohamed Salah komanda yoldaşı Dioqo Jota və onun qardaşı Andre Silvanın faciəli şəkildə vəfatından sonra Merseysayda vaxtından əvvəl qayıdır.
90plus.az xəbər verir ki, Misir nəşri Yallakoranın məlumatına görə, Salah yay tətilini yarımçıq qoyaraq cümə günü İngiltərəyə qayıdacaq. Bu isə klubun planlaşdırılan mövsümöncəsi məşqlərinə start verməsindən bir neçə gün əvvələ təsadüf edir.
Futbol aləmi hələ də yas içindədir. Çünki Jota və onun qardaşı Andre 3 iyul, cümə axşamı günü İspaniyada avtomobil qəzasında həyatını itiriblər.
Qardaşların Böyük Britaniyaya qayıtmaq üçün Santanderə bərə ilə getdikləri bildirilir. Jotaya yaxınlarda keçirdiyi ağciyər əməliyyatından sonra uçmamaq tövsiyə olunmuşdu. O, Portuda uşaqlıq sevgilisi Rute ilə ailə qurduqdan cəmi 12 gün sonra İngiltərəyə dönürdü.
Salah və Jota “Liverpul”da yaxın dost idilər — onlar birlikdə 150 oyunda meydana çıxmış və 19 qola birgə imza atmışdılar.
© Copyright 2026, All Rights Reserved