Mourinyo Portuqaliya millisinə yazılır
Mourinyo Portuqaliya millisinin başına keçə bilər.
90plus.az xəbər verir ki, Portuqaliya millisinin baş məşqçisi Roberto Martinesin müqaviləsi 2026-cı ildə Şimali Amerikada keçiriləcək Dünya Çempionatından sonra başa çatacaq. Bu isə yığmada mümkün dəyişikliyə yol aça bilər.
ESPN-in yaydığı məlumata görə, Portuqaliya Futbol Federasiyası yığmanın sükanı arxasına Joze Mourinyonu gətirməyi əsas prioritet kimi müəyyənləşdirib. Federasiya artıq təcrübəli mütəxəssislə maraqlandığını gizlətmir.
Hazırda “Benfika”nı çalışdıran Mourinyonun klubla müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. O, ötən ilin avqustunda “Fənərbağça”dan ayrıldıqdan sonra sentyabr ayında vətəninə qayıdaraq Lissabon təmsilçisinin baş məşqçisi təyin olunmuşdu.
Roberto Martines isə müqaviləsini Dünya Çempionatının sonuna qədər davam etdirəcək. Turnirdən sonra federasiyanın yeni mərhələyə start verməsi gözlənilir və əsas namizəd kimi məhz Mourinyonun adı çəkilir.
Bununla belə, 63 yaşlı mütəxəssisin milli komandanı çalışdırmağa razılıq verib-verməyəcəyi və “Benfika”dan nə vaxt ayrılacağı hələlik açıq qalır.
© Copyright 2026, All Rights Reserved