“Qarabağ”ın portuqaliyalı legioneri Andrade üçün “Braqa” matçının özəlliyi var
"Qarabağ"ın futbolçusu Leandro Andrade Portuqaliyanın mediasına "Braqa" ilə oyunlar haqda açıqlama verib. 90plus.az xəbər verir ki, portuqaliya əsilli kabo-verdeli yarımmüdafiəçi Avropa Liqasının pley-off püşkatmasından əvvəl Portuqaliya klubu ilə qarşılaşmağı arzu etdiyini deyib: " Pley-offa vəsiqə qazandıqdan sonra Portuqaliya klubuna rəqib olmağı arzulayırdım. Dərhal ailəmlə danışdım. Onlar səfər oyunumuzda stadionda olacaqlar. Möhtəşəm gecə keçirmək, futbolun sehrindən həzz almaq, ailəm və dostlarım qarşısında canlı oynamaq üçün lazım olan hər şey var. Bu, tez-tez baş vermir”. 24 yaşlı futbolçu "Qarabağ"ın mərhləni keçəcəyinə inandığını bildirib: “ Aydındır ki, biz mərhələni adlayacağımıza inanırıq. Kim olmağımızdan və hansı turnirdə iştirak etməyimizdən asılı olmayaraq, özümüzə və dəyərimizə güvənirik. Əlimizdən gələni edəcək və hər şeyini ortaya qoyacaq, hər iki matçda qələbə üçün mübarizə aparacaq “Qarabağ”a söz verə bilərik. Rəqibi təhlil edirik, məlumat öyrənirik. "Braqa"nın üstün cəhətlərini bilirik”. Leandro Andrade rəqibin təcrübəli yarımmüdafiəçisi Joau Moutinyo haqqında da danışıb: “ Braqa”ya rəqib olduqdan sonra haqqında ən çox danışdığım futboçulardan biri Joau Moutinyodur. Onunla qarşılaşmaq üçün həyəcanlanıram. Hər ikimiz Alqarviodanıq. Atam Vava Andrade futbolçu olanda Moutinyonun atası mənim atamın məşqçisi olub. Joaoya xüsusi sevgim var və onun pərəstişkarıyam. Onun oyununu izləyərək böyümüşəm. Bu, heç vaxt unuda bilməyəcəyim bir təcrübədir. Yenidən "evdə" oynayacağım üçün çox həyəcanlıyam”. Andrade sonda "Qarabağ"la müqaviləsini uzatmasına toxunub. Qış transfer pəncərəsində “Qalatasaray”dan, “Şanxay Şenxua”dan və Rusiya klublarından təkliflər alan futbolçu Ağdam təmsilçisində qalmasının səbəblərini açıqlayıb: “Bu variantlar var idi. “Qarabağ”ın məni saxlamaq üçün mübarizə aparması özümü burada vacib hiss etməyimə səbəb oldu. Danışıqlar uğurlu nəticələnmədi və burada qaldım. "Transfer nağılı” başa çatdıqdan sonra müqavilə müddətimi 2027-ci ilə qədər yenilədim”.