Salahın "Uembli" kabusu davam edir
FA Kubokunun qalibi olan "Kristal Pelas" öz təvazökar kubok kolleksiyasına daha bir titulu – "Kommuniti Şild"i əlavə edib. Komanda "Liverpul"u penaltilər seriyasında məğlub edərək tarixində nadir rast gəlinən uğurlardan birinə imza atıb.
90plus.az xəbər verir ki, "Uembli" stadionunda keçirilən qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşmədi və penalti zərbələri işə düşdü. Burada isə əsas diqqət mərkəzinə çevrilən isimlərdən biri – Mohamed Salah oldu. Təcrübəli misirli ulduz penalti zərbəsini boşa verərək "Liverpul"un ümidlərini az da olsa, puç etdi.
Salah üçün bu oyunun acı tərəfi təkcə penalti qaçırmaqla bitməyib. O, qarşılaşmanın əsas vaxtında da təsirli performans göstərə bilməyib – nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalıb.
Daha da düşündürücü fakt isə onun "Uembli" stadionunda keçirdiyi oyunlara dair statistikadır. Belə ki, Salah artıq ardıcıl 8 oyundur, bu arenada heç bir qol və ya məhsuldar ötürmə ilə fərqlənə bilmir. Bu matçlar sırasında "Kommuniti Şild", FA Kubokunun yarımfinal və final mərhələləri, eləcə də iki Liqa Kuboku finalı var.
Doğrudur, Salah "Uembli"də bir dəfə fərqlənib – bu da 2017-ci ildə "Tottenhem"in ev sahibi olduğu və "Liverpul"un 1:4 hesabı ilə uduzduğu oyunda idi. Həmin qol isə komandası üçün heç bir dəyişiklik etməmişdi.
Görünür, "Uembli" Salah üçün arzuolunmaza çevrilib.
© Copyright 2026, All Rights Reserved