Santuş Dioqo Jota haqda danışdı
Azərbaycan millisinin portuqaliyalı baş məşqçisi Fernandu Santuş “Liverpul”un futbolçusu Dioqo Jotanın faciəli ölümü ilə bağlı danışıb. 70 yaşlı mütəxəssis bu barədə Portuqaliyanın “A Bola” nəşrinə açıqlama verib.
90plus.az xəbər verir ki, Santuş belə ağır məqamlarda futbolçudan oyunçu kimi deyil, insan kimi danışmağın daha önəmli olduğunu bildirib:
“Onun üçün çox dua edə bilərəm. İndi futbol haqqında söz tapmaq çətindir. Mən Portuqaliya yığmasının baş məşqçisi olanda Dioqo cəmi 22 yaşında millidə debüt etdi. O, dünyanın ən yaxşı futbolçusu Kriştianu Ronaldunun kölgəsində qalsa da, daim öz yerini tapmağı bacardı. Milli komandanın formasını geyinmək üçün hər zaman mübarizə aparırdı. Təəssüf ki, zədə səbəbindən Qətərdəki dünya çempionatına gedə bilməmişdi. Bu gün isə bütün fikrim onun ailəsindədir — həyat yoldaşı və geridə qoyduğu üç övladı üçün dua edirəm.”
Qeyd: Dioqo Jota Portuqaliya millisinin heyətində iki dəfə Millətlər Liqasını qazanıb, “Liverpul”la isə Premyer Liqada çempionluq sevinci yaşayıb. Hücumçu ötən gün baş verən avtomobil qəzasında qardaşı Andre Silva ilə birgə dünyasını dəyişib.
© Copyright 2026, All Rights Reserved