Sneyder: "Mourinyo tarixdə ən yaxşı baş məşqçidir"
"Qalatasaray" klubunun keçmiş ulduz futbolçularından olan Uesli Sneyder karyerasını bitirdikdən sonra ilk dəfə futbol gündəmi və şəxsi karyerası ilə bağlı maraqlı fikirlər səsləndirib.
90plus.az xəbər verir ki, niderlandlı futbolçu bu açıqlamaları jurnalist İsmail Mahmudla söhbəti zamanı verib. O, futbol dünyasında yaşanan son hadisələr, karyerasındakı dönüş nöqtələri ilə bağlı səmimi fikirlər səsləndirib.
"Qalatasaray"ın sabiq futbolçusu Uesli Sneyder son açıqlamasında "Fənərbağça"nın hazırkı baş məşqçisi Joze Mourinyo barədə fikirlərini bölüşüb. Niderlandlı ulduz Mourinyonu tarixin ən yaxşı baş məşqçisi adlandırıb.
Sneyder bu sözləri deyib:
"Tarixin ən yaxşı baş məşqçisi kimdir?" sualının mənim üçün tək cavabı var: Joze Mourinyo. 2010-cu ildə "İnter"lə etdiklərimiz tarixi bir hadisə idi. O, bizə hər kəsi məğlub edə biləcəyimizə inandırmışdı. Mourinyo sadəcə bir baş məşqçi deyil, o, bir liderdir. Ona hər zaman hörmətlə yanaşacağam.
Niderlandlı sabiq ulduz futbolçu Uesli Sneyder, 2010-cu ildə "Ballon d'Or"u (Qızıl top) qazana bilməməsi ilə bağlı illər sonra səmimi açıqlama verib.
Sneyder həmin il göstərdiyi performansla bir çox mütəxəssisin favoritlərindən biri hesab olunurdu. O, bu barədə belə danışıb:
"Bəli, dürüst olmaq lazımdırsa, məyus oldum. Mənim üçün inanılmaz bir il idi: Çempionlar Liqası, liqa və kubok dublu, üstəlik Dünya Çempionatının finalı. Hər şeyimi verdiyimi hiss etdim. Amma qalib Messi oldu – əla futbolçudur. İnsanların hələ də o ili xatırlaması mənim iz buraxdığımı göstərir və əsas olan da budur. 'Ballon d'Or' həmişə ən yaxşı futbolçuya verilir? Həmişə yox. Bəzən populyarlıq və ya oynadığınız klub da rol oynayır. 2013-cü ildə Riberi, 2020-də isə Levandovski də bu mükafatı haqq edirdi."
Qeyd: Sneyder 2010-cu ildə "İnter"lə Çempionlar Liqası, A Seriyası və İtaliya Kubokunu qazanaraq tarixi "trebl" etmiş, eyni zamanda Niderland millisiylə Dünya Çempionatı finalına yüksəlmişdi.