UEFA “Arsenal”ı 10 il Avropadan kənarlaşdırıldı
UEFA Monteneqro təmsilçisi “Arsenal Tivat” klubuna oyun alqı-satqısına görə ağır cəza tətbiq edib.
90plus.az xəbər verir ki, qurumun rəsmi açıqlamasına əsasən, klub Avropa turnirlərindən 10 il müddətinə uzaqlaşdırılıb.
UEFA-nın yaydığı məlumata görə, 2023-cü ilin iyul ayında UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində “Alaşkert” (Ermənistan) ilə keçirilən oyunlarda “Arsenal Tivat” klubunun bu hadisəyə yol verdiyi sübuta yetirilib. Həmin qarşılaşmaların nəticələri şübhə doğurmuş, araşdırmalardan sonra ciddi pozuntular aşkarlanmışdı.
Sözügedən ikitərəfli qarşılaşmalarda Monteneqro təmsilçisi səfərdə 1:1 hesabı ilə bərabərə qalmış, cavab oyununda isə evdə 1:6 hesabı ilə məğlub olmuşdu.
Cəza yalnız kluba deyil, fərdi şəxslərə də tətbiq olunub:
Müdafiəçi Nikola Çelebiç və idman direktoru Ranko Krqoviç – ömürlük futbol fəaliyyətindən uzaqlaşdırılıb.
Futbolçular Çetko Manojloviç, Duşan Puletiq və Radule Jivkoviç – 10 il müddətinə futboldan uzaqlaşdırılıb.
Bundan əlavə, “Arsenal Tivat” klubuna 500 min avro məbləğində cərimə kəsilib. UEFA bu cəzanın 2034–2035 mövsümünün sonuna qədər qüvvədə qalacağını, eyni zamanda qərarın FİFA səviyyəsində də uzadılması üçün müraciət ediləcəyini bildirib.
© Copyright 2026, All Rights Reserved