Xanım “Ballon d’Or”u İnyesta təqdim edəcək
Alfredo Martinesin məlumatına görə, əfsanəvi yarımmüdafiəçi Andres İnyesta bu gün Parisdə keçiriləcək mərasimdə Qadınlar üçün “Qızıl top” mükafatını təqdim edəcək. Bu mükafat 2024/25 mövsümündə dünyanın ən yaxşı qadın futbolçusuna veriləcək.
90plus.az xəbər verir ki, əsas namizədlər arasında qadın futbolunun ən böyük ulduzları yer alır. “Barselona”nı təmsil edən Aleksiya Putelyas, Mariona Kaldentey və Aytana Bonmati favoritlər sırasında göstərilir. Digər önəmli namizədlər arasında “Arsenal” və İngiltərə millisindən Alessia Russo, həmçinin “Orlando Pride” və Zambiya millisindən Barbra Banda var.
Putelyas “Barselona”nı La Liqa F, “Copa de la Reina” və Superkubok treblinə daşıyaraq 27 qol və 21 məhsuldar ötürmə ilə möhtəşəm statistika göstərib. Kaldentey isə “Arsenal”la Çempionlar Liqasını qazanıb və Avro-2025-də İspaniya yığmasının aparıcı simalarından olub. Bonmati həm klub, həm də yığmada həlledici rolunu qoruyaraq tarixi sayılacaq ardıcıl üçüncü “Qızıl top”u qazanmağa çalışır.
Gənc “Barselona” futbolçusu Klaudiya Pina Çempionlar Liqasının bombardiri olub, Karoline Qraham Hansen isə yenə də komandanın sabit hücum gücü kimi ön plana çıxıb. Banda isə NWSL-də dominant çıxış edərək “Orlando Pride”a çempionluq qazandırıb, lakin mövsümünün sonu zədə səbəbindən vaxtından əvvəl bitib.
Digər diqqətçəkən namizədlər arasında Lyusi Bronz (“Çelsi”/İngiltərə), Patri Qixar (“Barselona”/İspaniya), Eva Payor (“Barselona”/Polşa), Marta (“Orlando Pride”/Braziliya), Xloi Kelli (“Mançester Siti”/“Arsenal”/İngiltərə), Sendi Baltimor (“Çelsi”/Fransa), Melşi Dumornay (“Olimpik Lion”/Haiti) və Liya Uilyamson (“Arsenal”/İngiltərə) var.
© Copyright 2026, All Rights Reserved