Alişa Lemann inanılmaz addım atdı
İsveçrə millisinin üzvü, “Instagram”da 16 milyondan çox izləyicisi olan dünyanın ən çox tanınan qadın futbolçularından biri Alişa Lemann cəmi bir mövsüm çıxış etdiyi “Yuventus”u tərk edərək “Komo” klubuna transfer olunub. Bu, onun karyerasında mühüm addım kimi qiymətləndirilir.
90plus.az xəbər verir ki, 26 yaşlı hücumçu “Bianconeri”yə emosional vida mesajı ünvanlayıb:
“Salam, Bianconeri, necəsiniz? Bu möhtəşəm il üçün sizə təşəkkür etmək istəyirəm, xüsusilə də komanda yoldaşlarıma və möhtəşəm azarkeşlərimizə.
Keçən mövsüm göstərdiyimiz əziyyət və qazandığımız titullar – bu, heç vaxt unutmayacağım bir komanda idi. Mənim üçün onlar sadəcə komanda yoldaşları deyildi, biz ailə idik və ömürlük dostluqlar qurduq.
Belə möhtəşəm bir klubdan və yaxın olduğum insanlardan ayrılmaq çox çətin qərar idi. Bu klub, bu komanda və bu azarkeşlər hər zaman ürəyimdə xüsusi yer tutacaq.”
Bir qədər sonra “Komo” klubu onun gəlişini sadə, amma səmimi bir mesajla təsdiqləyib: “Xoş gəlmisən, Alişa".
Karyerasında “BSC YB Frauen”, “Vest Hem Yunayted”, “Everton”, “Aston Villa” və “Yuventus”da oynamış Lehmann, İtaliya klubuna böyük təcrübə və qlobal azarkeş kütləsi gətirir.
Yeni klubunda ilk açıqlamasında o, “Komo”nun vizyonundan məmnunluğunu ifadə edib:
“Bilirəm ki, bu, gənc klubdur, amma çox aydın fikirlərə sahibdir. Fərqli şeylər etməkdən çəkinmir və bu, mənim üçün güc deməkdir. FC Como Women yalnız İtaliyada deyil, bütün Avropada qadın futbolunda nümunə olmaq istəyir.
Bu, idmanı, dəbi, mədəniyyəti və real dəyərləri birləşdirən bir layihədir və məncə, qadın futbolunun hazırda məhz buna ehtiyacı var.”
Qeyd: “FC Como Women” klubu Mercury 13 şirkəti tərəfindən Victoire Cogevina və venesuelalı Mario Malavé rəhbərliyi ilə alınıb. Bu komanda onların portfelindəki ilk layihədir və məqsəd qadın futbolunda qlobal miqyasda inqilab etməkdir.
© Copyright 2026, All Rights Reserved