Ançelottidən Ardaya müjdə – "El-Klasiko"da oynayacaq
La Liqanın 34-cü turunda keçirilən qarşılaşmada "Real Madrid" doğma meydanda "Selta Viqo"nu 3:2 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, oyun sonrası təşkil edilən mətbuat konfransında "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti türk futbolçu Arda Gülerlə bağlı vacib açıqlama verib.
Start heyətində meydana çıxan Arda Güler qarşılaşmada bir qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb. Bu nəticə ilə "kral klubu" xallarının sayını 75-ə çatdıraraq çempionluq yarışındakı iddiasını davam etdirib.
Baş məşqçi Ançelotti Ardanın çıxışından məmnun olduğunu bildirərək, onun "El-Klasiko"da iştirak edəcəyini təsdiqləyib:
“Arda Güler çox keyfiyyətli futbolçudur. Daim çalışır və heç vaxt özünə olan inamını itirməyib. Sentyabrdan bu yana böyük inkişaf göstərib. ‘Barselona’ ilə matçda mütləq oynaya bilər. Start heyətinə düşmək üçün komanda yoldaşları ilə rəqabət aparacaq."
"El-Klasiko" öncəsi ümidverici açıqlamalar verən Ançelotti həmçinin əlavə edib:
“El-Klasiko"nu qazanmaq mümkünsüz deyil. Keçən həftə qələbəyə çox yaxın idik. Yeni nələrsə sınamağa ehtiyac yoxdur. Ciddi oynamalıyıq. Əgər "El-Klasiko"nu qazansaq, bu bizi çempion etməyəcək. La Liqa hələ də 'Barselona'nın əlindədir.”
© Copyright 2026, All Rights Reserved