Dambrauskas: "Hakimlik barədə danışmağı sevmirəm"
“Bu gün meydanda təslim olmadıq və bunun mükafatını aldıq”.
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Qarabağ” üzərində qazanılan 2:1 hesablı qələbədən sonra mətbuat konfransında danışıb.
90plus.az xəbər verir ki, litvalı mütəxəssis ilk olaraq qələbəni azarkeşlərə həsr etdiyini bildirib:
“Sabah ailəsini təbrik edirəm. Bu qələbəni azarkeşlərimizə həsr edirəm. Bu gün bizi sonadək dəstəklədilər”.
O, matçın gedişində çətin anlar yaşadıqlarını da gizlətməyib:
“İlk hissədə bəzi anlarda topa nəzarəti itirdik. Oyunun dönüş nöqtəsi buraxdığımız qol idi. Rəqib azlıqda olsa da, çox yaxşı mübarizə apardı”.
Baş məşqçi komandasının xarakterini xüsusi vurğulayıb:
“Əsas olan odur ki, sona qədər mübarizəni dayandırmadıq. Təslim olmadıq. Bu inadkarlıq bizə qələbə qazandırdı”.
Finala yüksəlmələrinə baxmayaraq, Dambrauskas hələ heç nəyin bitmədiyini qeyd edib:
“Bəli, finaldayıq. Amma bu heç nə demək deyil. Hələ kuboku qazanmamışıq. Finalın yox, titulun önəmi var”.
Hakim qərarlarına toxunan çalışdırıcı müzakirələrin çoxluğuna diqqət çəkib:
“Adətən hakimlik barədə danışmağı sevmirəm. Epizodlara baxdım, amma bu, onların işidir. Bir şeyi deyə bilərəm ki, əgər futbolun inkişafını istəyiriksə, hakimlik də inkişaf etməlidir. Çox ölkədə işləmişəm, amma bu qədər hakim qərarlarının müzakirə olunduğunu nadir hallarda görmüşəm”.
O, qərarların qeyri-sabitliyinə də işarə edib:
“Bəzən eyni epizodlara fərqli qərarlar verilir. Bu da müzakirələri artırır və davam etdirir”.
Final barədə danışan Dambrauskas qarşıdakı oyunun çətin keçəcəyini vurğulayıb:
“Final bir oyundur və belə matçlar heç vaxt asan olmur. Kim daha yaxşı hazırlaşsa, o da qalib gələcək. Bizim məqsədimiz bəllidir – kuboku qazanmaq”.
“Sabah” həlledici görüşdə “Zirə” ilə üz-üzə gələcək.
© Copyright 2026, All Rights Reserved