Arda Gülerin möhtəşəm qolu, Mbappenin narazı baxışı: "Real Madrid" "Selta Viqo"nu məğlub etdi
İspaniya La Liqasında keçirilən "Real Madrid" – "Selta Viqo" qarşılaşmasında gənc türk futbolçu Arda Güler start heyətində meydana çıxdı və oyunun taleyini dəyişən əsas fiqurlardan birinə çevrildi.
90plus.az xəbər verir ki, Madridin "Santyaqo Bernabeu" stadionunda baş tutan qarşılaşmanın 33-cü dəqiqəsində Arda Güler cərimə meydançasının sağ küncündən inanılmaz bir zərbə ilə topu qapının "doqquzluğuna" göndərdi. Bu gözəl qolla "Real Madrid" oyunda hesabı açdı və stadiondakı azarkeşlər uzun müddət onun adını səsləndirdilər.
Gənc futbolçunun bu parlaq çıxışı sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb oldu. Arda qol sevincini komanda yoldaşları ilə bölüşərkən, komandanın ulduz futbolçularından olan Kilian Mbappenin narazı üz ifadəsi diqqətdən yayınmadı. Fransız hücumçunun bu davranışı bəzi futbolsevərlər tərəfindən tənqid olundu.
Oyun ərzində Mbappe də fərqləndi – 39-cu və 48-ci dəqiqələrdə vurduğu qollarla hesabı 3:0-a gətirdi. Xüsusilə komandanın üçüncü qolunda asist edən Arda Güler, bu oyunda həm qol, həm ötürmə ilə yadda qaldı. Daha sonra "Selta Viqo" Rodriqez (69') və Svedberq (76') hesabı 3-2-ə gətirsə də, artığına gücü çatmadı.
© Copyright 2026, All Rights Reserved