Avroliqa, TOP-5: Bizimkilər “Liverpul”la yan-yana…
UEFA-nın açıqladığı Avropa Liqasının qrup və pley-off mərhələsinin statistik göstəricilərində Azərbaycanı bu turnirdə uğurla təmsil edən və 1/8 finala adlayan "Qarabağ" və onun bəzi futbolçuları TOP-5-də yer alıblar. 90plus.az xəbər verir ki, ən çox hücum edən komandalar sırasında "Qarabağ" "Liverpul"la birgə 3-4-cü yeri bölüşür. (Hər ikisinin hücum sayı: 288 dəfə). "Qarabağ" ən çox qol imkanı yaradan komandalar sırasında 6 cəhdlə 2-ci yeri tutur. "Sportinq" 9 cəhdlə 1-ci, "Frayburq", "Molde" və "Renn" hərəyə 5 cəhdlə 3-5-ci yerləti tuturlar. "Qarabağ" ən çox cərimə zərbələri yetirən komanları sırasında 5-cidir - 107 dəfə. Ən çox seyv edən komandaların sıralamasına isə 37 seyvlə Azərbaycan çempionu başçılıq edir. "Qarabağ" intizam baxımından problem yaşayan komandalar sırasındadır. Ağdam təmsilçisini 25 dəfə sarı vərəqə alıb ki, bu göstəricidə onlar "Tuluza"dan (28 dəfə) sonra 2-ci yeri tuturlar. Bundan başqa, onlar 2 dəfə qırmızı vərəqə də alıblar. Bu göstəricidə "Qarabağ" TOP-5-də 5-ci yeri tutur. "Qarabağ" rəqibə qarşı ən çox qayda pozutusuna yol vermiş komandalar sırasında isə "Roma" ilə birgə 1-2-cidir - hərəyə 105 dəfə. Ağdam təmsilçisinə qarşı isə 100 dəfə qayda pozutusuna yol verilib. Bu göstəricidə bizimkilər 4-cü yeri tuturlar. Futbolçular: Meydanda ən uzun müddət qalan oyunçular sırasında Andrey Lunyov 3-cü, Abdullah Zubir 4-cü, Marko Yankoviç isə 6-cıdır. Rəqiblər tərəfindən qayda pozuntusu ilə ən çox qarşısı alınan futbolçular sırasında isə Yankoviç 1-cidir. Ona qarşı düz 24 dəfə fol edilib. Seyv sayına görə 37 seyvlə Lunyov TOP-5-ə başçılıq edir. Qayda pozuntularına görə Julio Romao "Şturm"dan Yon Stankoviçlə birgə (hərəyə 17 dəfə) birinci-ikinci yerdədir. Bundan başqa, Romao 7 oyuna 5 sarı vərəqə alıb ki, bu göstəricidə isə o, 1-ci yeri tutur. Julio Romao topu ələ keçirmək sayında - 27 dəfə ilə hamdan birinci olub. Ən çox ötürmə edənlər sırasında Marko Yankoviç də yer alıb. O, 446 ötürmə ilə 5-ci yeri tutub.