“Turan”ın məşqçisi: “Haqqımızı yedilər”
Azərbaycan kubokunda mübarizəni dayandıran "Turan Tovuz”un məşqçisi Yunis Hüseynov Azərbaycan kubokunun yarımfinal mərhələsində “Zirə” ilə keçirilən cavab oyunundan (0:0) sonra fikirlərini bölüşüb.
90plus.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının finala daha layiq olduğunu düşünür və əvvəlki qarşılaşmada hakim qərarlarından narazılığını gizlətməyib:
“Hər komanda kubokda finala çıxmaq istəyir, biz də bunu çox arzulayırdıq. Hesab edirəm ki, oyunda güclü tərəf biz idik və finala layiq komanda idik. Əfsuslar olsun ki, ötən matçda haqqımızı yedilər, o səhvlərə görə bu gün qələbə qazana bilmədik. Hətta qol vurduq, saymadılar. Bizim xeyrimizə epizod olanda dərhal VAR-a gedirlər, amma rəqibdə olanda bunu görmürəm. Əliyar Ağayev Premyer Liqada rəqibə verdiyi qırmızını ləğv etmişdi, o qədər futbolçunun haqqını yedi. “Zirə”yə uğurlar arzulayıram”.
Hüseynov ilk oyunda verilməyən penaltilərin futbolçuların psixologiyasına təsir etdiyini də etiraf edib:
“Futbolçularda psixoloji gərginlik var idi, bunu danmıram. İlk görüşdə iki təmiz penaltimiz verilməmişdi. Komandamız bu oyuna pis hazırlamamışdı. Bilirdik ki, “Zirə” ilk oyundakı 2:0-lıq üstünlüyünü qorumaq üçün beşli müdafiə ilə oynayacaq. Arxada çox imkan vermədilər, amma buna baxmayaraq, komandamız pis təsir bağışlamadı. Əgər birinci hissədə qol vura bilsəydik, arxasınca ikincisi də gələrdi. “Zirə” bu gün yalnız müdafiə olunurdu”.
Baş məşqçi bu görüşdə hakimliklə bağlı ciddi iradının olmadığını da bildirib:
“Bu gün hakim idarəçiliyindən narazı qalmadım. Amma qol epizodumuza hələ təkrar baxmamışam”.
Yunis Hüseynov əlavə edib ki, komanda artıq diqqətini Premyer Liqa oyunlarına yönəldəcək:
“Hər komandanın məqsədi kuboku qazanmaq olmalıdır, əks halda o komandanın məqsədi yoxdur deməkdir. Biz də həm kuboku, həm də Premyer Liqa çempionluğunu istəyirdik. Qarşıda bizi çətin oyunlar gözləyir, tam olaraq çempionata köklənəcəyik. İkincilik barədə xüsusi düşünmürük. Qalib gəlsək, turnir cədvəlində yaxşı yerləri tutacağıq”.