"Barselona"dan 10 qolluq oyunda qələbə
Yeni mövsümə hazırlıqlarını davam etdirən İspaniyanın "Barselona" klubu Cənubi Koreyanın "FC Seul" komandası ilə yoxlama oyununda qarşılaşdı.
90plus.az xəbər verir ki, Seul Dünya Kuboku Stadionunda baş tutan görüşdə azarkeşlər ümumilikdə 10 qol izlədilər. Qarşılaşma "Barselona"nın 7:3 hesablı qələbəsi ilə başa çatdı.
"Barselona" matça sürətli başladı və artıq 8-ci dəqiqədə Levandovski, 14-cü dəqiqədə isə Lamin Yamalın qolları ilə hesabda 2:0 önə keçdi. "FC Seul" bu qollara 26-cı dəqiqədə Ço Yonq-Vuk və 45+1-ci dəqiqədə Al-Arabın qolları ilə cavab verdi. Lakin 45+3-cü dəqiqədə yenidən səhnəyə çıxan Lamin Yamal ilk hissənin 3:2 "Barselona"nın üstünlüyü ilə tamamlanmasını təmin etdi.
İkinci hissənin əvvəlindən etibarən "Barselona" üstünlüyünü daha da artırdı. 55-ci dəqiqədə Kristensen, 74-cü dəqiqədə Ferran Torres və 76-cı dəqiqədə Qavi hesabı 6:2-yə çatdırdı.
"FC Seul" 85-ci dəqiqədə Çonq Han-minin qolu ilə fərqi azaltsa da, 88-ci dəqiqədə Ferran Torresin ikinci qolu matçın yekun nəticəsini müəyyənləşdirdi: 7:3.
© Copyright 2026, All Rights Reserved