“Çelsi”nin qırmızı vərəqəsi dastan oldu! Cekson dəfələrlə üzr istədi
“Çelsi”nin Flamengoya Klubların Dünya Çempionatında 1:3 hesabı ilə uduzmasında əvəzetmədən meydana daxil olan Nikola Ceksonun cəmi dörd dəqiqə sonra birbaşa qırmızı vərəqə ilə oyundan kənarlaşdırılmasının böyük payı olub. Ona görə də Ceksonun ətrafında söhbətlər səngimir.
90plus.az xəbər verir ki, 64-cü dəqiqədə — “Çelsi”nin 1:2 hesabı ilə geridə olduğu anda oyuna qoşulan, lakin kobud müdaxiləyə görə meydanı vaxtından əvvəl tərk edən Cekson London klubunun meydanda 10 nəfərlə qalmasəna səbəb olub.
“Çelsi”nin sabiq yarımmüdafiəçisi Con Obi Mikel “Flamenqo” ilə Klubların Dünya Çempionatında 1:3 hesablı məğlubiyyət zamanı qırmızı vərəqə alan Nikola Ceksonu sərt tənqid edib:
“Cekson? Ağzımı açdırma… İnanılmaz. Axmaqlıq, axmaqlıq, axmaqlıq! Komandan sənə ehtiyac duyur, sən isə bunu edirsən. "Nyuaksl"a qarşı da eynisini etmişdin, indi də bunu. Heç bir bəhanəsi ola bilməz.”
"Çelsi" baş məşqçisi Enzo Mareska Nikolas Ceksonun qırmızı vərəqəsinin təsirini qəbul edib. O, 1:3 hesabı ilə "Flamenqo"ya uduzduqları Klubların Dünya Çempionatındakı matçda bu hadisənin oyunun gedişatını tamamilə dəyişdiyini bildirib:
“Qırmızı vərəqə idi, başqa söyləməyə bir şey yoxdur.
Oyun tamamilə dəyişdi (iki qol və qırmızı vərəqənin olduğu altı dəqiqə). Təəssüf ki, qısa zamanda iki qol buraxdıq, sonra isə qırmızı vərəqə. Geri dönüş etməyə çalışdıq. "Flamenqo"nu təbrik edirəm,” – Mareska bildirib.
Çelsinin müdafiəçisi Mark Kukurelya isə erkən qolların təsirini vurğulayıb və növbəti oyuna baxışını bölüşüb.
“Onlar ilk qolu vuranda yaxşı bir əhval-ruhiyyələri oldu — azarkeşlər səs-küy yaratmağa başladı. İkinci qolu dərhal buraxandan sonra isə özümüzə olan inamı itirdik.
Bəzən əziyyət çəkmək lazımdır. Ən önəmlisi budur ki, bizim başqa oyunumuz var.
Topa daha çox sahib ola bilərik. Bəlkə də daha birbaşa oynamağa çalışdıq. Buraya inkişaf etmək üçün gəlmişik. İndi vaxtımız var, kliplərə baxıb növbəti oyunda daha yaxşı ola bilərik. Bu, futboldur,” — Mark deyib.
Nikolas Ceksonun qırmızı vərəqəsinə gəldikdə isə Kukurelya bunu bədbəxt hadisə adlandırıb:
“Bu, biraz bədbəxtlikdir, o topu qazanmağa çalışdı. Belə oldu. Növbəti oyunda onun əvəzinə oynayacağıq.”
"Çelsi"nin hücumçusu Nikolas Cekson özü isə aldığı qırmızı vərəqədən dolayı ictimai şəkildə üzr istəyib:
“Üzr istəyirəm. Klubdan, heyətdən, komanda yoldaşlarımdan və bütün izləyən azarkeşlərdən, sizi məyus etdim. Bir daha qırmızı vərəqə aldım və açığı, özümə çox hirslənirəm.
Komandaya kömək etmək üçün hər gün çox çalışıram ki, bizi belə vəziyyətə salmayım. Hələ tam olaraq necə baş verdiyini anlamıram. Amma bir şey aydındır: bu qəsdən olmayıb. Sadəcə futbolda baş verən səhv an idi.
Heç bir bəhanə yoxdur. Tam məsuliyyəti öz üzərimə götürürəm. Düşünəcəyəm, inkişaf edəcəyəm və komandamızın loqosuna, mənə inanan hər kəsə görə daha güclü qayıdacağam. Üzr istəyirəm. Üzr istəyirəm. Üzr istəyirəm,” – Cekson bildirib.
"Flamenqo"nun baş məşqçisi və "Çelsi" ilə Premyer Liqada çempion olmuş Filipe Luis oyundan sonra deyib ki, qırmızı vərəqə açıq olsa da, Cekson bunu asanlıqla aşacaq.
“Cekson çox yaxşıdır, gəncdir və klubun ehtiyacı olan keyfiyyətə malikdir. O, bu kiçik səhvi dəf edəcək.
Düşünürəm ki, qırmızı vərəqə aydın idi, amma böyük oyunçu üçün bu sadəcə kiçik bir detal idi və o, dünyanın ən böyük hücumçularından biri ola bilər.”