Çempionlar Liqası: Birbaşa gedənlər onlardır
UEFA Çempionlar Liqasında 2026/2027 mövsümünün əsas mərhələsinə birbaşa vəsiqə qazanan komandaların böyük hissəsi müəyyənləşib. Artıq 36 iştirakçıdan 29-u bəllidir.
90plus.az xəbər verir ki, ən çox təmsilçi ilə İspaniya və İngiltərə diqqət çəkir. La Liqanı “Barselona”, “Real”, “Vilyarreal”, “Atletiko” və “Betis” təmsil edəcək.
Premyer Liqadan isə “Arsenal”, “Mançester Siti”, “Mançester Yunayted”, “Aston Villa” və “Liverpul” əsas mərhələyə birbaşa yüksəlib.
Almaniyadan “Bayern Münhen”, Dortmund “Borussiya”sı, “Leypsiq” və “Ştutqart” qitənin ən nüfuzlu klub turnirində iştirak hüququ əldə edib. İtaliyada “İnter”, “Napoli”, “Roma” və sensasiyalı şəkildə “Komo” vəsiqəni təmin edib.
Fransanı PSJ ilə yanaşı “Lans” və “Lill” təmsil edəcək. Portuqaliyadan “Sportinq” və “Portu”, Niderlanddan PSV və “Feyenoord” əsas mərhələdə yer alacaq.
Türkiyənin yeganə təmsilçisi “Qalatasaray” olacaq. Ukraynadan “Şaxtyor”, Çexiyadan “Slaviya”, Belçikadan isə “Brügge” birbaşa vəsiqəni rəsmiləşdirib.
Qeyd: Çempionlar Liqasının yeni formatında əsas mərhələdə ümumilikdə 36 komanda iştirak edəcək. Qalan 7 vəsiqənin sahibləri isə avqust ayında keçiriləcək təsnifat mərhələlərinin ardından müəyyənləşəcək.
© Copyright 2026, All Rights Reserved