David Alaba “Real”dan getdi! Vida mərasimi olacaq
“Real Madrid” heyətində ilk ayrılığı rəsmən açıqlayıb.
Madrid təmsilçisi təcrübəli müdafiəçi David Alabanın komandadan ayrıldığını bəyan edib.
90plus.az xəbər verir ki, klubun yaydığı açıqlamada avstriyalı futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür olunub.
Florentino Peres veteran oyunçunun klub tarixində xüsusi yer tutduğunu vurğulayıb:
“David Alaba peşəkarlığı, fədakarlığı və “La Decimocuarta” yolunda yadda qalan obrazı ilə madridistaların sevgisini qazandı. “Real Madrid” həmişə onun evi olacaq”.
33 yaşlı müdafiəçi 2021-ci ildə “Bayern Münhen”dən azad agent kimi Madrid klubuna qoşulmuşdu. O, “kral klubu”nun heyətində keçirdiyi 5 mövsümdə 131 oyuna çıxıb və 11 titul qazanıb.
Alaba bu müddətdə 2 Çempionlar Liqası, 2 La Liqa, 2 UEFA Superkuboku, 2 İspaniya Superkuboku, 2 Klubların Dünya Çempionatı və 1 İspaniya Kuboku sevinci yaşayıb.
Lakin futbolçunun son illəri zədələrlə yadda qalıb. Alaba 2023-cü ilin noyabrında diz çarpaz bağlarını qopardıqdan sonra uzun müddət yaşıl meydanlardan uzaq qalmışdı. Müdafiəçi 384 gün oyunsuz qalıb və əvvəlki formasını bərpa etməkdə çətinlik çəkib.
İspaniya mətbuatının məlumatına görə, David Alaba karyerasını başqa ölkədə davam etdirə bilər. Onunla “Milan”ın maraqlandığı bildirilir. Bundan əlavə, MLS və Səudiyyə Ərəbistanı klublarının da avstriyalı futbolçunun durumunu izlədiyi vurğulanır.
Qeyd: David Alabanın “Santyaqo Bernabeu”da azarkeşlərlə vida mərasimi sabah “Atletik Bilbao” ilə keçiriləcək La Liqa matçından öncə baş tutacaq.
© Copyright 2026, All Rights Reserved