Azər Bağırov: “Tək istəklə nəticə olmur”
“Qalmaq üçün yox, qurmaq üçün büdcə lazımdır” – Azər Bağırovdan diqqətçəkən mesajlar...
90plus.az xəbər verir ki, Misli Premyer Liqasının 33-cü turunda “Kəpəz” öz meydanında “Neftçi”yə 0:1 hesabı ilə uduzub. Oyundan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov mətbuat konfransında həm komandanın gələcəyi, həm də şəxsi taleyi ilə bağlı maraqlı açıqlamalar verib.
Mütəxəssis ilk növbədə gənc futbolçuların çıxışından razı qaldığını bildirib. O, xüsusilə Şahnur İsmayılov və Raul Hüseynlinin adını çəkərək onların Azərbaycan futbolunun gələcək potensial simaları ola biləcəyini deyib:
“Bu futbolçular bacarıqlıdırlar. Amma indi əsas məsələ daha çox işləmələridir. Çünki artıq diqqət onların üzərindədir”.
Bağırov komandanın mövsüm ərzində çətin vəziyyətdən çıxdığını da vurğulayıb. Onun sözlərinə görə, “Kəpəz”i qəbul etdiyi vaxt komanda ardıcıl 6 məğlubiyyət almışdı və heyətə 12 legioner cəlb olunmuşdu:
“Belə vəziyyətdə komandaya rəhbərlik etmək asan deyildi. Amma bütün çətinliklərə baxmayaraq Premyer Liqada qalmağı bacardıq”.
Baş məşqçi gələcəyi ilə bağlı yayılan “Şamaxı” iddialarına da münasibət bildirib. O, hələlik bu barədə danışmaq istəmədiyini söyləsə də, yaxın vaxtlarda rəsmi açıqlamanın veriləcəyini qeyd edib.
Azər Bağırov azarkeşlərin ona qarşı səsləndirdiyi şüarlara da toxunub. Təcrübəli çalışdırıcı Gəncə azarkeşlərinin futbolu yaxşı bildiyini deyərək onlardan incimədiyini bildirib:
“Futbolda belə hallar olur. Klub rəhbərliyi ilə də heç bir problemim yoxdur”.
Maraqlıdır ki, Bağırov “Kəpəz” rəhbərliyinin ona yeni müqavilə üçün daha yaxşı maliyyə şərtləri təklif etdiyini də açıqlayıb. Lakin o, gələcək planlarla bağlı tərəddüdlərinin olduğunu gizlətməyib:
“Əsas məsələ təkcə maaş və ya büdcə deyil. Komandanı qurmaq üçün zaman və şərait lazımdır. Əgər gələcəkdə azarkeşlərin qarşısında aciz qalacağamsa, bu mənim üçün çətin olacaq”.
O, “Şamaxı”nın oyununu stadiondan izləməsinə görə yaranan müzakirələrə də sərt reaksiya verib:
“Mən futbol adamıyam. Stadionda olmağım normaldır. Barda deyildim ki… Sabah başqa oyuna da baxa bilərəm”.
Sonda Bağırov klub rəhbərliyi ilə münasibətlərinin normal olduğunu vurğulayıb və “Kəpəz”in gələcəkdə avrokuboklar uğrunda mübarizə aparması üçün uzunmüddətli layihəyə ehtiyac olduğunu bildirib:
“Bir komandanı formalaşdırmaq üçün minimum 3 il lazımdır. Tək istəklə nəticə olmur”.