“Mançester Yunayted” Maykl Kerriklə müqaviləni uzatdı
“Mançester Yunayted”dən rəsmi qərar – Maykl Kerriklə müqavilə uzadıldı.
90plus.az xəbər verir ki, “Mançester Yunayted” klubu Maykl Kerrikin baş məşqçi postuna daimi təyin olunduğunu rəsmən açıqlayıb.
44 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Razılaşmada daha bir il uzatma opsiyası da yer alıb.
Kerrik yanvarda Ruben Amorimin istefasından sonra komandanın sükanı arxasına keçmişdi. İngilis çalışdırıcı qısa müddətdə “qırmızı şeytanlar”ın nəticələrini yaxşılaşdıraraq komandanı Çempionlar Liqasına daşımağı bacarıb.
“Mançester Yunayted” onun rəhbərliyi altında keçirdiyi 16 oyunun 11-də qələbə qazanıb. Klub Kerrikin təyinatından sonra Premyer Liqada ən çox xal toplayan komanda olub.
“Mançester Yunayted” artıq Premyer Liqanı üçüncü pillədə başa vurmağı təmin edib. Komanda bunu mövsümün bitməsinə 3 tur qalmış rəsmiləşdirib.
Kerrik açıqlamasında bunları deyib:
“20 il əvvəl bu kluba gəldiyim andan etibarən “Mançester Yunayted”in sehrini hiss etmişəm. Bu xüsusi kluba rəhbərlik etmək mənim üçün böyük qürurdur”.
Qeyd: Maykl Kerrik futbolçu kimi də uzun illər “Old Trafford”da çıxış edib. O, “Mançester Yunayted”lə 5 Premyer Liqa çempionluğu, Çempionlar Liqası və İngiltərə Kuboku qazanıb.
© Copyright 2026, All Rights Reserved