Sezar Aspilikueta futboldan gedir
Sezar Aspilikueta karyerasını bitirir – “Sevilya” futbolçusu futbolu tərk edir.
90plus.az xəbər verir ki, Sezar Aspilikueta mövsümün sonunda peşəkar futbolçu karyerasını başa vuracağını açıqlayıb.
36 yaşlı müdafiəçi bu barədə şəxsi açıqlama verərək uzun illər davam edən futbol yoluna nöqtə qoymaq qərarına gəldiyini bildirib.
Aspilikueta karyerası ərzində "Sevilya" ilə yanaşı “Osasuna”, “Marsel”, “Çelsi” və “Atletiko Madrid” kimi klublarda çıxış edib. O, həmçinin İspaniya millisində də forma geyinib.
Ən parlaq dövrünü “Çelsi”də keçirən təcrübəli müdafiəçi London klubunda 500-dən çox oyun keçirib və 11 il ərzində komandanın kapitanlarından biri olub. Bu müddətdə o, iki Premyer Liqa, bir İngiltərə Kuboku, bir Liqa Kuboku və iki Avropa Liqası titulu qazanıb, 2021-ci ildə isə Çempionlar Liqasını qaldırıb.
Açıq məktubunda futbolçu karyerası boyunca ona dəstək olan hər kəsə təşəkkür edib və futbolu uşaqlıqdan başlayan bir xəyal kimi xarakterizə edib.
Təcrübəli müdafiəçi bildirib ki, futbol onun üçün uşaqlıqdan başlayan bir xəyal olub və bu yol boyunca yaşadığı hər an onun üçün xüsusi dəyər daşıyır.
“Futbola ilk dəfə uşaq ikən Pamplonada dostlarımla birlikdə başladım və bu qədər böyük bir yolun məni gözlədiyini heç düşünməzdim. Qələbələr, çətin məğlubiyyətlər, yaşanan sınaqlar və ən əsası tanış olduğum insanlar mənim üçün böyük dəyərdir”, – deyə o vurğulayıb.
Aspilikueta həm komanda yoldaşlarına, həm məşqçilərə, həm də karyerası ərzində çalışdığı bütün klubların əməkdaşlarına təşəkkür edib. O, “Osasuna”, “Marsel”, “Çelsi”, “Atletiko Madrid” və “Sevilya”da keçirdiyi illəri həyatının ən böyük şərəfi adlandırıb.
Futbolçu qeyd edib ki, meydanda geyindiyi hər forma onun üçün məsuliyyət və qürur simvolu olub və bu səyahətin sonuna çatmaq onun üçün həm çətin, həm də emosional bir andır.
Sonda isə o, futbolu həyatının ən böyük sevgisi kimi xarakterizə edərək, “Bu səyahətin hər anı üçün minnətdaram” sözləri ilə vida edib.
Mövsümün sonunda onun son dəfə rəsmi olaraq meydanlara çıxacağı gözlənilir.