Dünya Kuboku: “Yuventus” darmadağın etdi, 5 cavabsız qol
Randal Kolo Muani və Françisku Konseysau hərəyə iki qol vuraraq “Yuventus”a Klubların Dünya Çempionatının qrup mərhələsinin ilk turunda “Al-Ain” üzərində 5:0 hesablı qələbə qazandırıb.
90plus.az xəbər verir ki, 36 dəfə İtaliya çempionu olmuş Turin klubu hesabı 11-ci dəqiqədə açıb. Müdafiəçi Alberto Kostanın cərimə meydançasına ötürdüyü topu Kolo Muani başla tora göndərib. Oyun 18 161 azarkeşin gözü qarşısında keçirilib və onların əksəriyyəti “Yuventus”un ağ-qara zolaqlı formalarını geyinmişdi.
10 dəqiqə sonra Françisku Konseysau rəqibin cərimə meydançasına daxil olaraq fərdi ustalığı sayəsində fərqlənib və hesabı 2:0-a çatdırıb.
Kenan Yıldız 31-ci dəqiqədə aşağı küncə zərbə ilə fərqlənərək fərqi üç topa yüksəldib. Birinci hissəyə əlavə olunmuş 4-cü dəqiqədə isə Kolo Muaninin dublu ilə “Yuventus” fasiləyə 4:0 üstün yollanıb.
İkinci hissədə də üstünlüyü əldən verməyən İtaliya klubu 58-ci dəqiqədə Konseysau ilə beşinci qolu vurub. Bu dəfə o, meydanın mərkəzindən başlayan hücumu qola çevirib.
Birləşmiş Ərəb Əmirliklərini təmsil edən “Al-Ain” növbəti oyunda qrupun favoriti sayılan “Mançester Siti” ilə qarşılaşacaq. Bu görüş bazar günü Atlantada keçiriləcək. Hazırda qrup liderliyi “Yuventus”dadır – qol fərqinə görə öndədirlər. Turin təmsilçisi növbəti oyunda Filadelfiyada “Vidad”la qarşılaşacaq və mərhələ adlamaq şansını rəsmiləşdirməyə çalışacaq.
© Copyright 2026, All Rights Reserved