FIFA - ya qarşı kollektiv böyük iddia var
Bir qrup hollandiyalı futbolçu transfer qaydalarına görə Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasına (FIFA) qarşı kollektiv iddia irəli sürüb.
90plus.az xəbər verir ki, FIFA-nın transfer qaydaları ilə bağlı məhkəməyə verildiyi kollektiv iddia 2002-ci ildən bəri Avropa İttifaqında və ya Birləşmiş Krallıqda oynamış bütün peşəkar futbolçuları əhatə edə bilər. Bu barədə iddianın arxasında duran yeni yaradılmış Niderland fondu məlumat yayıb.
Bazar ertəsi günü Amsterdamda fəaliyyətə başlayan “Justice for Players” (“Futbolçular üçün Ədalət”, qısaca: JfP) təşkilatı dünya futbolunun ali orqanı olan FIFA-ya qarşı Avropa İttifaqı Ədalət Məhkəsinin (CJEU) keçən ilin oktyabrında verdiyi qərardan istifadə edərək hüquqi tədbir görən ilk qurumdur.
Keçmiş “Çelsi”, “Arsenal” və “Real Madrid” yarımmüdafiəçisi Lassana Diarra FIFA və Belçika Futbol Federasiyasına qarşı onillik hüquqi mübarizəsində qalib gəldi. Aİ-nin ən yüksək məhkəməsi bəzi transfer qaydalarının Avropa rəqabət qanunvericiliyinə zidd olduğunu təsdiqlədi.
Bu işin mərkəzində Diarranın 2014-cü ildə Rusiya klubu “Lokomotiv Moskva” ilə müqaviləsini “əsassız səbəblə” pozduğu üçün FIFA tərəfindən 10,5 milyon avro cərimələnməsi və 15 ay müddətinə diskvalifikasiya edilməsi dayanırdı.
Fransa millisinin sabiq üzvü həmin cəza müddətində Belçikanın “Şarlerua” klubuna keçmək istəsə də, FIFA-nın qaydalarına əsasən, müvafiq milli federasiya beynəlxalq transfer sertifikatını verməkdən imtina etdi. Bu qaydalar həmçinin futbolçunun yeni klubunu da keçmiş klubuna ödəniləcək təzminata görə “birgə və tam məsuliyyətli” elan edirdi.
Diarra əvvəlcə bu qərara qarşı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etdi, lakin yalnız cərimənin məbləğini azalda bildi. Daha sonra Belçika məhkəməsində əks iddia qaldırdı və iş nəticədə Avropa Ədalət Məhkəsinə qədər çatdı. Bu qələbə hüquq mütəxəssisləri arasında hələ də müzakirə mövzusudur.
Bəzi hüquqşünaslar hesab edir ki, bu qərar bütün transfer sistemini sual altına alır və FIFA-nı milyardlarla avro və funt sterlinq təzminat ödəmək riski ilə üz-üzə qoyur. Digərləri isə düşünür ki, bu hökm yalnız iki məsələyə toxunduğu üçün təsiri məhdud olacaq: futbolçunun müqaviləni birtərəfli şəkildə pozması zamanı təzminatın necə müəyyən olunması və yeni klubun bu pozuntuya görə məsuliyyət daşıyıb-daşımaması.
İddia FIFA və Belçika, Danimarka, Fransa, Almaniya və Niderland futbol federasiyalarına qarşı irəli sürüləcək. Proses Niderlandın Midden Nederland bölgə məhkəməsində aparılacaq – çünki bu ölkənin qanunvericiliyi kütləvi iddialar üçün daha əlverişlidir. Hazırda yalnız bu beş federasiya və FIFA əhatə olunsa da, gələcəkdə daha çox tərəf əlavə edilə bilər.
Hazırkı və sabiq futbolçular JfP-nin rəsmi saytı – justiceforplayers.com vasitəsilə əlaqə saxlamağa təşviq olunurlar. Proses 2026-cı ilin ilk rübündə başlayacaq və qərarın çıxması üçün azı üç il vaxt lazım olacaq.
FIFA hələlik bu məsələ ilə bağlı rəy bildirməyib. Avropa Peşəkar Futbolçular İttifaqı – FIFPro isə Diarra işinə dəstək vermişdi və bildirib ki, bu iddia CJEU qərarına “gözlənilən praktik cavab”dır. İttifaq bəyan edib ki, bu sistem futbol tarixində ən uzunmüddətli və ciddi “əleyhinə-rəqabət” razılaşmalarından biri olub və futbolçuların ədalət üçün mübarizə aparmaq hüququnu tanıyır.
Bununla belə, bəyanatın sonunda dialoqa açıq olduqlarını da bildiriblər.