“Golden Boy”: Dezire Due liderdir
“Golden Boy” mükafatına əsas namizəd bəlli oldu: PSJ-nin 19 yaşlı ulduzu ön planda!
90plus.az xəbər verir ki, 2025-ci ildə Avropanın ən yaxşı gənc futbolçusuna veriləcək nüfuzlu “Golden Boy” (Qızıl Oğlan) mükafatı üçün favorit namizəd Fransanın PSJ klubunda çıxış edən Dezire Duedir.
19 yaşlı vinger 2024/25 mövsümündə parlaq çıxışı ilə futbol ictimaiyyətinin diqqətini üzərinə çəkib. O, geridə qalan mövsümdə PSJ forması ilə ümumilikdə 54 oyunda iştirak edib, 15 qola imza atıb və 16 məhsuldar ötürmə ilə yadda qalıb.
Duenin bu uğurlu çıxışı Paris təmsilçisinin tarixində ilk dəfə Çempionlar Liqasını qazanması ilə tamamlanıb. Bu nailiyyət gənc futbolçunun “Golden Boy” mükafatı üçün favoritlər sırasında ilk sıraya yüksəlməsində həlledici rol oynayıb.
Xatırlatma: "Golden Boy” mükafatı 21 yaşadək ən yaxşı çıxış edən futbolçuya təqdim olunur. Bu mükafat daha əvvəl Lionel Messi, Kilian Mbappe, Erlinq Haaland və Jud Bellingem kimi ulduzlara qismət olub.
Avropa futbolunda yeni nəsil ulduzların üzə çıxdığı bir dövrdə, Dezire Duenin adının bu siyahının başında yer alması onun gələcəkdə dünya futbolunun əsas simalarından biri ola biləcəyini göstərir.
© Copyright 2026, All Rights Reserved