Güləş, Avropa çempionatı: 2 qızıl da aldıq
Azərbaycan millisinin güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında uğurlu çıxış edərək turniri 13 medalla tamamlayıblar. Bu gün 2 qızıl da aldıq!
90plus.az xəbər verir ki, sərbəst güləş yarışlarının son günündə dörd idmançımız həlledici görüşə çıxıb. 92 kq çəki dərəcəsində Əli Çokayev bolqarıstanlı rəqibi Ahmed Batayevi 5:3 hesabı ilə məğlub edərək qızıl medal qazanıb. Ağır çəkidə (125 kq) çıxış edən Giorgi Meşvildişvili isə macarıstanlı Vladislav Baytsayevi 8:0 hesabı ilə üstələyərək Avropa çempionu tituluna yiyələnib.
Digər iki finalçı isə gümüş medalla kifayətlənib. Turan Bayramov (74 kq) slovakiyalı Taymuraz Salkazanova 2:4 hesabı ilə uduzub. Arseniy Cioyev (86 kq) isə rusiyalı İbrahim Kadiyevlə gərgin keçən qarşılaşmada 1:2 hesabı ilə məğlub olub.
61 kq çəkidə mübarizə aparan Nurəddin Novruz bürünc medal uğrunda görüşdə italiyalı Simone Pirodduya məğlub olaraq medalsız qalıb.
Bundan əvvəl yunan-Roma güləşi üzrə yarışlarda Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl medal əldə ediblər. Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutublar. Bu növdə Azərbaycan komandası ümumi hesabda birinci olub.
Qadın güləşində Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc medal qazanıblar. Sərbəst güləşdə isə İslam Bazarqanov (57 kq) qızıl, Cəbrayıl Hacıyev (79 kq) bürünc medala sahib çıxıb.
© Copyright 2026, All Rights Reserved