“Hamı üçün böyük təcrübədir" - Qurban Qurbanov püşk barədə
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlama verərək Avropa Liqasının 1/8 final mərhələsinin püşkünü dəyərləndirib. 90plus.az xəbər verir ki, Ağdam təmsilçisinin bu mərhələdə də "Bayer"lə üz-üzə gəlməsinə Q.Qurbanov bu cür fikir bildirib: “ Avropa Liqasının 1/8 final mərhələsinin püşkü maraqlı nəticə ilə yekunlaşdı. “Qarabağ”a hamının Bundesliqa və avrokuboklardan yaxşı tanıdığı “Bayer” rəqib oldu. Azarkeşlərimiz bu komandanı qrup mərhələsində canlı görmüşdülər. Yenə bu komanda ilə rəqib olduq. “Bayer” Avropanın ən yaxşı, sabit çıxış edən komandalarından biridir". O, Leverkuzendə - "Bayer"in akademiyasında olmağından da söz açıb: " Mən bu klubun düşərgəsində oldum, iş prinsipləri ilə maraqlandım. Çox ciddi komanda yaradıblar. İstəkli, uduzmağı xoşlamayan baş məşqçiləri var. Məncə, maraqlı oyun olacaq. Baxmayaraq ki, güclü rəqibdir. Leverkuzendə Xabi Alonso ilə diskussiyamız, maraqlı fikirlərimiz oldu. “Bayer”lə görüşlər bizim üçün böyük təcrübədir. Meydana azarkeşlərimiz üçün yaxşı mübarizə aparacaq komanda çıxarmağa çalışacağıq ki, baxımlı futbol oynayaq və yaxşı nəticə əldə edək. Belə böyük komandaların Bakıya gəlməsi Azərbaycanda futbolun sevilməsi üçün səbəb, hamı üçün böyük təcrübədir". Qeyd : 1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də olacaq. "Bayer" "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Almaniya klubu Leverkuzendə 5:1, Bakıda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrup lideri kimi 1/8 finala, "Qarabağ" isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib.