Karrik daha müvəqqəti baş məşqçi olmayacaq
“Mançester Yunayted” Maykl Karriklə daimi baş məşqçi qalması üçün danışıqlara başlayır.
90plus.az xəbər verir ki, klub rəhbərliyiMaykl Karriki komandanın daimi baş məşqçisi təyin etmək üçün rəsmi danışıqlara başlamağa hazırlaşır.
Məlumata görə, tərəflər arasında ilkin görüşlərin mövsümün son turunda “Brayton”la keçiriləcək qarşılaşmadan əvvəl baş tutacağı gözlənilir - RobDorsettSky.
Karrik müvəqqəti baş məşqçi kimi işlədiyi dönəmdə klub rəhbərliyinin etimadını qazanıb. “Qırmızı şeytanlar” onun rəhbərliyi altında keçirdiyi 15 oyunun 10-da qələbə qazanıb və komanda Çempionlar Liqasına vəsiqə əldə etməyə çox yaxınlaşıb. Bu uğurun klub üçün təxminən 100 milyon funt gəlir gətirə biləcəyi bildirilir.
Mənbənin iddiasına görə, “Mançester Yunayted” digər namizədlərlə də əlaqə saxlayıb. Lakin Karrik hazırda rəhbərliyin əsas seçimidir. Klub daxilində onun futbolçularla münasibətləri, media qarşısındakı davranışı və klub mədəniyyətini yaxşı bilməsi yüksək qiymətləndirilir.
Komandanın bir neçə aparıcı futbolçusu da Karrikin vəzifədə qalmasını açıq şəkildə dəstəkləyib. Amad Diallo bununla bağlı:
“Hamı onun baş məşqçi olmasından məmnundur”, – deyə bildirib.
Qeyd: Kobbi Meynu və Kazemiro da Karrikə dəstək verən futbolçular arasındadır.
© Copyright 2026, All Rights Reserved