Rəşad Sadıqov: “Səviyyə fərqi göstərdi”
Rəşad Sadıqov: “Fantastik qola şahid olduq, bu səviyyə fərqi göstərdi” – finaldan sonra analiz etdi.
90plus.az xəbər verir ki, Rəşad Sadıqov Azərbaycan Kubokunun finalında "Zirə"nin "Sabah"a 2:1 hesabı ilə məğlub olmasından sonra oyunu şərh edib.
Baş məşqçi matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışını iki fərqli hissəyə bölərək belə danışıb:
“Oyun bizim üçün çox yaxşı başladı. Erkən qol vurduq və ilk 30–35 dəqiqədə etibarlı müdafiə olunduq. Amma birinci hissənin sonlarında rəqibə iki təhlükəli epizod verdik. O ana qədər isə bizim də ikinci qolu vurmaq şanslarımız var idi.”
Sadıqov ikinci hissədə planın müəyyən qədər işlədiyini, lakin oyunun gedişini dəyişən məqamın fərdi ustalıq olduğunu bildirib:
“İkinci hissədə taktiki dəyişikliklər etdik və daha etibarlı görünürdük. Rəqibə yüz faizlik epizod vermirdik. Amma məhz o dəqiqələrdə fantastik bir qol gördük. Hesab bərabərləşəndən sonra hücumda fəallaşdıq, amma əks-hücumda ikinci qolu buraxdıq.”
Məşqçi buraxılan qolların səviyyə fərqini göstərdiyini də vurğulayıb:
“Buraxdığımız qollar bir çox sualların cavabıdır. Yüksək fərdi ustalıqla vurulan qollar rəqibin keyfiyyətini göstərdi.”
Matçda erkən sarı vərəqə epizodu ilə bağlı sualı isə Sadıqov qısa cavablandırıb:
“Hakimlikdən danışmaq istəmirəm. Rəqibi qələbə münasibətilə təbrik edirəm.”
Final məğlubiyyətinə baxmayaraq, o, komandasının mövsüm boyu mübarizəsini yüksək qiymətləndirib:
“Üç finalda uduzmuşuq, amma hər birində kiçik detallar fərqli getsəydi, nəticə başqa ola bilərdi. Buna baxmayaraq 6 ildə 12 yarışdan 6-da mükafat uğrunda oynamışıq. Bu, qürurvericidir.”
Sadıqov həmçinin çempionluq mübarizəsinə də toxunaraq komandanın sona qədər yarışda qalacağını bildirib:
“Sona qədər mübarizə aparacağıq. Qarşıda çox ağır oyunlar var, amma sona qədər vuruşacağıq.”
© Copyright 2026, All Rights Reserved